"BakuBus"da OĞURLUQ -VİDEO

Şub-08
10:57 2018
"BakuBus"da OĞURLUQ -VİDEO

Bakıda bir qrup sərnişin əlbir olaraq avtobusdan oğurluq edib.

Hadisə 6 fevral saat 20:08 radələrində 8 saylı marşrut xətti üzrə 28 May m/s-dan Azadlıq m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-116 dövlət qeydiyyat nişanlı avtobusun Bakı Dövlət Sirki dayanacağına yaxınlaşarkən baş verib. Təqdim olunan videogörüntüdə bir qurup şəxsin əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicinin oğurlanması hadisəsi əks olunur.

Videogörüntüdən aydın olur ki, üzlərinin kameraya düşməməsi üçün gedişhaqqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olur. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayır, daha sonra isə onu qoparmaq üçün yaxın oturacaqda əyləşir. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün yanlarında götürdükləri kəsici alətlə simi kəsməyə başlayırlar. Öz istəklərinə nail olduqdan sonra oğrular qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşırlar.

Baş verən oğurluq hadisəsi ilə bağlı Metbuat.az-a açıqlama verən “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün tərəfimizdən bütün hüquqi prasedurlar həyata keçirilməkdədir:

“Videogörüntüdən göründüyü kimi, sərnişinlərin təhlükəzisliyi və baş verə biləcək hər hansı fövqəladə hadisələr zamanı onların təxliyyə edilməsi üçün nəzərdə tutulmuş qəza çəkicinin oğurlanması zamanı içəridə olan və hadisəni müşahidə edən heç bir sərnişin müdaxilə etmir, hətta bunnunla bağlı sürücüyə məlumat belə vermirlər. Yalnız hadisə baş verdikdən, oğrular ərazini tərk edtdikdən sonra bir xanım sərnişin sürücünü məlumatlandırır. Avtobusda olan bütün sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan qəza çəkicinin elə onların gözü önündə açıq aşkar şəkildə oğurlanmasına heç bir sərnişinin müdaxilə etməməsi çox acınacaqlı və təəssüf doğuran haldır. Onu da qeyd edək ki, digər sərnişinlərin gözü önündə avtobuslara maddi ziyan vuran, oturacaqları yazan, qəza çəkiclərini qoparmağa çalışan “ziyanverici” sərnişinlərə əvvəllər də rast gəlinmiş və digər sərnişinlər tərəfindən vaxtında müdaxilənin nə dərəcədə həlledici olduğu müşahidə olunmuşdur.

“BakuBus” olaraq bildiririk ki, ictimai nəqliyyatdan istifadə edən hər bir şəxs ən azı özünün və yaxınlarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində baş verən qanunsuz hallara biganə qalmamalı, öz vətəndaş mövqeyini nümayiş etdirməlidir. İstənilən sərnişin avtobusda sürücü və ya sərnişinin qanunvericilikdən kənar, ictimai mənafeyə zidd və ya asaişi pozan hərəkətlərə yol verdiyini müşahidə edərsə dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidir. Təcrübə göstərir ki, bir və ya bir neçə sərnişinin vaxtında müdaxilə etməsi, vətəndaş mövqeyini ortaya qoyması baş verəcək xoşagəlməz hadisələrin əvvəlcədən qarşısını alır.

Ancaq təəssüf ki, bu videoda sərnişinlər başdan sona qədər oğruları müşahidə etməklə kifayətlənir. Bir daha sərnişinləri ictimai maraqlara qarşı yönəlmiş bu kimi qanunsuz hərəkətlərə qarşı həssas yanaşmağa və bu cür vəziyyətlərdə vətəndaş mövqeyi ortaya qoymağa çağırırıq. Unutmaq olmaz ki, salonunda onlarla sərnişinin olduğu ictimai nəqliyyat vasitəsinin içərisində bir ictimai mühit var. Burada baş verən hadisə hər bir sərnişini maraqlandırmalı və ən azı öz təhlükəsizliyi üçün lazımi tədbirlər görməlidir. Əgər sərnişindaşıma xidmətinin ən yüksək səviyyədə inkişafını arzulayır və tələb ediriksə, bir sərnişin kimi üzərimizə düşən vətəndaş məsuliyyətini dərk etməli, vəsifəmizi layiqincə yerinə yetirməliyik”.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru