Rusiya ekspertləri:"Rusiya və Amerika kürdləri Türkiyəyə təhvil verməyə hazırdır” – Təhlil

Ock-21
15:10 2018
Rusiya ekspertləri:"Rusiya və Amerika kürdləri Türkiyəyə təhvil verməyə hazırdır” – Təhlil


Aleksandr Jelenin

rosbalt.ru, 20.01.2018



Ekspertlər hesab edirlər ki, Ankara ilə münasibətlər Vaşinqton və Moskva üçün daha önəmlidir, buna görə də onlar Afrində könüllü yığmaya gerçək yardım etməyəcək. Eyni zamanda yeni müharibə Ərdoğan rejiminə ciddi zərbə vura bilər.



Suriyanın əsasən kürdlərin məskunlaşdığı Afrin kantonuna Tükiyə müdaxiləsi, hər şeyə əsasən, ya başlamaq üzrədir, ya da de-fakto artıq başlanıb – hətta Birləşmiş Ştatların bu yaxınlarda Ankaranın bu cür planları haqda mənfi fikir bildirdiyinə, əvvəllər isə Suriyanın şimalında “sərhədlərin qorunması” üçün həmin kürdlərdən və müttəfiqləri ərəblərdən 30 minlik qruplaşma yaratmaq vədinə baxmayaraq.

Türkiyə baş naziri I müavini Bəkir Bozdağ bildirib ki, ABŞ bu qayda ilə “terrorçular ordusu” yaradacaq və bu planları düşmənlik adlandırıb. Ankara Afrinə müdaxilədən imtina niyyətində deyil, inandırır ki, Türkiyədə yasaqlanan və terror təşkilatı sayılan PKK-nın şaxəsi YPG yaraqlıları orada yerləşib.

Kürdlər isə bu arada Türkiyə ilə münaqişədə Rusiya və ABŞ tərəfdən yardıma böyük ümid bəsləyirdilər. Bununla yanaşı cümə günü dünya KİV-lərində məlumat meydana çıxıb ki, Rusiya hərbçiləri Afrindən çıxarılır. Bu, Rusiya MN başçısı Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla danışıqlar aparan Türkiyə SQ Baş Qərargah rəisi, general Hulusi Akar və Milli Kəşfiyyatın direktoru Hakan Fidanın yanvarın 18-də Moskvaya səfərindən sonra baş verib. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrov sonradan bu məlumatı təkzib edib. Amerikalılar isə bu arada kürdlərə səyyar zenit-raket kompleksləri (SZRK) tədarükü vəd ediblər. Bir də bəzi məlumatlara görə, bunu artıq kürdlərə göndəriblər, başqa məlumatlara görə isə, bunu yalnız etməyə hazırlaşırdılar. Pentaqonun rəsmi təmsilçisi tədarük və guya bu xüsusda məxfi saziş faktını təkzib edib.

“Rosbalt”ın icmalçısının ABŞ və Rusiyanın kürdlərə yardım edib-etməyəcəyini və ya özlərinin daha kürəsəl maraqlarını əsas tutub onları Türkiyə ordusunun mərhəmətinə buraxacağı haqda soruşduğu ekspertlər əmindirlər ki, həm Vaşinqtona, həm də Moskvaya Ankara ilə münasibətlər daha önəmlidir, buna görə də Afrində kürd dəstələrinə gerçək kömək etməyəcəklər. Eyni zamanda kürdlərlə müharibə bu millətin milyonlarla təmsilçisinin yaşadığı Türkiyənin özünə çox ciddi zərbə vura bilər.

Siyasi və hərbi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin güman edir ki, “Rusiya kürdlərə rəsmən Əsədə qoşulmağı, yəni Suriya qoşunlarını öz ərazilərinə buraxmağı təklif edib. Görünür, kürdlər bunu etmək istəməyib və indi buna görə bədəl ödəyirlər – Rusiya onları daha müdafiə etməyəcək”.

Ekspert bununla razılaşır ki, RF beləliklə Suriyanın şimalında kürd muxtariyyətini faktiki dəfn edib. O deyir: “Bu, aydın idi. Rusiya kürdlərə uzun müddət dəstək verib, lakin onlar hədsiz dərəcədə muxtariyyət oyunu və başlıcası, amerikalılarla dostluq oyunu oynadılar”.

Xramçixin hesab edir ki, türk ordusu və kürd könüllü yığmasınn imkanları “müqayisəolunmazdır”. Lakin əlavə edir ki, taktiki səviyyədə kürdlərə “hər cür uğur” arzulayır, lakin strateji planda Rusiya mövqeyinin öz məntiqi var. Hərbi ekspert deyir: “Bu, abırsızlıqdır, amma bunu anlamaq olar”. O, eyni zamanda hesab edir ki, çox güman ki, Türkiyə təyyarələrini vurmağa söz verən Suriya rəsmilərinin davakar bəyanatlarına baxmayaraq, Əsəd “bütün bunlara göz yumacaq, çünki Türkiyə kürdlərin muxtariyyətə istənilən cəhdini boğacaq, amma güman etmirəm ki, Suriya ərazisini ilhaq edər, çünki buna heç kim razılaşmayacaq”.

Xramçixin Birləşmiş Ştatların kürdlərə SZRK tədarükü ehtimalından danışaraq deyir ki, “ümumiyyətlə, amerikalılar SZRK-nın yayılmasına son dərəcə ağrılı şəkildə yanaşırlar, lakin bunun həqiqətdə baş verib-vermədiyini ancaq praktikada biləcəyik”.

Rusiya EA ABŞ və Kanada İnstitutu Yaxın Şərq münaqişələrinin analizi Mərkəzinin direktoru Aleksandr Şumilin hesab edir ki, Rusiya “ özünün səliqəli diplomatik demarşlarıyla daha çox Suriya kürdlərini türklərə siyasi baxımdan təslim etməyə hazırdır, (Suriyanın şimalındakı) Rusiya bölmələri isə kürdləri türklərdən müdafiə etməkdən daha çox özlərini qoruyacaqlar”.

Ekspert yekun vurur: “Türkləri müdaxilə etməməyə çağıran, amma heç nə etməməyi nəzərdə tutan amerikalılar kimi. Çünki Afrində həqiqətən çox spesifik durum var. Orada həqiqətən də PKK ilə əlaqəsi olan YPG bölmələri var. Onlar zaman-zaman ABŞ-ın müttəfiqi kimi çıxış edirlər, lakin Vaşinqton üçün Türkiyə ilə münasibətlər önəmlidir. Mən amerikalıların heç bir tədbir görməyəcəyinə əminəm. Afrinə görə nə Rusiya, nə də Amerika Türkiyə ilə dalaşacaq”.

Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqidin fikrincə, “ABŞ Afrin kantonunu müdafiə etməyəcək və onun müdafiəsinə görə heç vaxt öz üzərinə məsuliyyət götürməyib. RF-yə gəlincə, Rusiya bölmələrinin oradan çəkilməsi haqda məlumatlar daxil olur. Lakin istənilən halda həm Moskvanın, həm də Vaşinqtonun Afrini türklərə verəcəyi imkanı mövcuddur”.

Ekspertin sözlərinə görə, Türkiyə hazırda Şimali Suriyada (Rojava) və Şimali İraqda kürd rejimlərinin möhkəmlənməsi prosesini maksimalcasına zəiflətməyə çalışır. Lakin şimali Suriyada DBP-nin (Demokratik Birlik Partiyası), PKK-nın yerli bölməsinini mövqeyi güclüdür. PKK isə Türkiyənin öz ərazisində hərbi əməliyyatlar aparır. Türkiyə prezidenti Rəcəb Ərdoğan keçən il Suriyaya qoşun yeridərək Bab-Cərablus-Azaz bölgəsində böyük ərazini tutmuşdu. Türk ordusu beləliklə kürd kantonları Afrin və Cəzirənin arasına pərçimlənmişdi ki, onlara birləşmək və öz sərhədi boyunca 700 km-lik istehkam qurulmasına imkan verməsin. Sonra türk ordusu bir neçə ay qabaq İdlib bölgəsinə daxil olub və ərazinin bir hissəsini tutub. Bu, Afrini mühasirə və təcrid qəsdilə edilib. Türkiyə hazırda Afrinin və yaxud onun hansısa hissəsinin işğalı üçün səy göstərə bilər. Amma bu, asan vəzifə olmayacaq, çünki amerikalılar Rojavanın civarını türk müdaxiləsindən qoruyur və yerli kürdlərdən, onların müttəfiqi ərəb tayfalarından 30 minlik ordu yaratmaq niyyətindədirlər.

Ekspert deyir: “Buna görə də təsəvvür etmirəm ki, Türkiyə bu cür şəraitdə Suriyada kürd anklavına necə son qoya bilər. O ancaq ABŞ-ın qoruq altına götürmədiyi Afrinə hücum edə bilər. Amma PKK-nın cavabı ciddi ola bilər”.

O, izah edir ki, birincisi, PKK Cəzirə tərəfdən və şərqdə onun nəzarətində yerləşən Mənbic rayonundan hücum edə bilər. Çətin ki, bu hücumlar türk müdaxiləsini durdurar, amma türklərə ciddi ziyan vura bilər.

İkincisi, PKK asimmetrik cavab verə bilər. Türkiyədə 20 milyona yaxın kürd yaşayır. Onlar öz dillərində məktəb və universitet sistemindən məhrumdurlar, onların XDP partiyası (Xalqların Demokratik Partiyası – PKK-nın leqal qanadı) kütləvi təqib və həbslərə məruz qalır, deputatlarının əksəriyyəti hazırda həbsxanadadır. Türkiyə milli muxtariyyətlərsiz unitar bir dövlətdir. Bu da kürdləri qane etmir. Bundan savayı, onların vətəndaş və siyasi fəalları, şəhər merləri daim həbslərə məruz qalır; Ərdoğan seçilmiş merlərin əvəzinə dövlət müdirlərini təyin edir.

PKK eyni zamanda leqal və qeyri-leqal saysız-hesabsız mülki, ictimai, peşə və siyasi təşkilatlar yaradıb, bu şəbəkə ilə kürd cəmiyyətini hərfi mənada sarıb. Kürdlər 20-30 ildən sonra Türkiyə əhalisinin 30-40%-i təşkil edə bilərlər. PKK Türkiyədə faktiki olaraq öz ordusu, vergisi, məxfi fəaliyyəti və leqal mədəniyyət mərkəzlərilə, həmçinin vətəndaş birliklərilə paralel dövlət kimi bir şey yaradıb. Həm də bu köklü sistem ölkə hüdudlarından çox uzaqlara uzanıb, möhkəm beynəlxalq əlaqələr, hərbi bazalar, siyasi təmsilçiliklər və Rojavanın (Suriya Kürdüstanı) üç milyonluq əhalisi üzərində nəzarət qazanıb. Maqid hesab edir – Türkiyə Suriya və İraqda kürdlərlə qarşıdurmaya daha çox cəlb edildikcə Türkiyənin özünün daxilində kürd amili daha çox işləyəcək. Onun sözlərinə görə, ən nəhayətdə İŞİD üzərində qələbədən sonra PKK-nın 50 minlik silahlı qruplaşmanı Suriyada saxlaması nəyə lazımdır. Türkiyənin Afrinə basqısı kürd partizanlarının Türkiyəyə sızmasını sürətləndirəcək. Ekspert proqnozlaşdırır: “Türkiyə Afrinə daha çox təzyiq etdikcə Çuxurcada, Şirnakda və Türkiyənin başqa bölgələrində Türkiyə patrulları və texnika kolonları minalarda partlayacaq və ya Amerikada istehsal edilmiş, tank əleyhinə yönəldilən raketlərdən od tutub yanacaq”.

Tərcümə Strateq.az-ındır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Şubat 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728 

ARXİV


Рейтинг@Mail.ru