İnsanların həyatını təhlükəyə atmaqla gözəlləşən Bakımız....

Mayın 19-da 5-i azyaşlı olmaqla, 15 nəfərin ölməsi, 54 nəfərin yaralanması ilə nəticələnən, yaşayış binasında baş verən yanğın bütün ölkəni bir anda matəmə bürüdü.
Baş verən yanğın hadisəsi həqiqətən də çox dəhşətli idi. Bütün bina faktiki olaraq bir anda od alaraq külə döndü. Bəs necə oldu ki, bu yanğının qarşısı alınmadı? Məsələ burasındadır ki, yanğın bir göz qırpımında bütün binanı bürüdü. Səbəb, binanın çöl üzlüklərinin tezalışan penalops üzlüklərlə üzlənməsi idi. Mütəxəsislər deyir ki, bu üzlüklər yüngül, ucuz və tez başa gələn materialdır. Adətən hər hansı ağır məişət əşyası alarkən, həmin əşya qoruma məqsədi ilə penalopsla bükülür. Artıq tikinti sektoruna da girən bu material həm fasad örtükləri, həm mərtəbəarası örtüklər, həm də dam örtüyü kimi istifadə olunur. Bu üzlüklərin yaşayış binalarında istifadəsi ziyanlıdır, çünki ilk növbədə fasad materialı yanğına qarşı davamlı olmalıdır. Bu davamlılıq isə laboratoriyada test edilməlidir. Ona görə laboratoriyalardan keçirilir ki, sabah hər hansı bir fəlakət baş verərsə, xəsarət yetirə, can ala bilməsin. Görünür ki, materiallar laboratoriya şəraitində testlərdən keçirilməyib, ona görə də belə bir hadisə baş verib. Hətta baş prokuror Zakir Qaralov bu faktoru inkar etmir və bildirir ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib. Bəs görəsən Bakı Şəhər İcra Hakimiyyətinin işi nədən ibarətdir? Bu cür həyati önəmli ciddi məsələləri nəzarətdə saxlamaq bu quruma aid deyilmi?! Təbii ki, aiddir. Amma neynəsin, onların təbirincə sadə insanlar yaşasın deyə öz biznes mənbələrindən keçəsi deyillər. Həmçinin, bu məsələdə başqa incə məqam budur ki, əminəm ki, həmin qurum özünün yaxın adamının yaşadığı binanı bu cür materialla örtülməsinə imkan verməz. Dəməli məsələ ondan ibarət deyil ki, bilmirlər nə etdiklərini, məsələ odur ki, sadəcə laqeyddirlər və ancaq öz mənafelərini düşünürlər. Belə bir fəlakətin olacağı da əslində gözlənilən idi. Çünki, görülən işlərə peşəkarlıqla yanaşmayanda və görülən işlərdə müəyyən qrup insanların mənafeyi olarkən belə bir hadisənin baş verməsi heç də təəccüblü deyil. Hətta biz şükür eləməliyik ki, belə faciəli hadisələr tez-tez baş vermir. Şükür etməli olduğumuz qüvvəni isə heç cür adlandıra bilmirəm. Bilmirəm, bunun adı şansmı, mərhəmətmi yoxsa ümidmi? Bunlardan hansı birisidirsə artıq o da 2015-cı il May-ın 19-da əlini Azərbaycan xalqından çəkdi. Başverənlər bir işarə, bir xəbərdarlıqdır. Yüzlərlə insan xəsarət alması, onlarla insan həyatını itirməsi, aidiyyatı qurumları sövq edir ki, bundan sonrakı addımlar barədə fikirləşsinlər. Hansısa quruculuq işləri görülürsə, ona müəyyən məbləğ ayrılırsa, düzgün istifadə olunsun. Bundan sonra bu cür üzlüklərin binalara vurulmasının qarşısı alınmalıdır. Davam edə bilməz. Davam edərsə, başqa materialla əvəz olunmalıdır. Əks təqdirdə hələ bu cür faciələri çox yaşamalı olacağıq.
Başqa bir ciddi məsələ budur ki, Bakı və digər şəhərlərimizdə penalopsa bürünən binaların sayı həddindən artıq çoxdur. Bəs hökümət bu barədə nəysə tədbir görəcəkmi? Əslində artıq dövlət başçısı tərəfindən göstəriş verilib ki, o binalar üzərindən penalops örtüklər götürülməklə, ciddi nəzarətdə saxlanılsın. Amma artıq biz zamanla və mətbuatın hesabatı nəticəsində bilərik ki, bu göstərişə aidiyyatı şəxslər nə dərəcədə ciddi əməl etmişlər. İndiki mərhələdə isə şahid olduğumuz əvvəlki hadisələdən deyə bilərək ki, adətən verilən bildirişlərin yerinə yetirilməsi uğrunda görülən işlər zamanla öz vaciblik əhəmiyyətini itirir. Çünki biz tez unuduruq və tez bağışlayırıq və bu keyfiyyətlərdən də sui-istifadə edilir.
Bütün bu deyilənlərdən sonra belə bir sual vermək istərdim. Bəs niyə görə dövlət buna imkan verdi və şərait yaratdı? Çünki, dövlət binaların daha gözəl və səliqəli görünməsini istəyir. Çünki, məqsədimiz gözəlləşməkdir. Ona görə gözəlləşmək ki, biz göstərə bilək ki, dövlətimiz inkişaf edir və biz inkişaf edirik. Yəni əgər biz zahirən gözəlləşiriksə deməli biz hərtərəfli inkişaf edirik və nəticədə ölkəmizə gələn qonaqlarımız isə bizim inkişafımızdan, rifahımızdan danışacaq. Deməli, əsil məqsəd gələn xarici qonaqların fikirini əsas problemlərdən yayındırmaq və ölkəni xarici gözəllik hesabına inkişaf etmiş göstərməkdir.
P.S. Çox güman ki, baş vermiş hadisə ilə bağlı cinayət işi açılacaq və təbii ki, cinayət məsuliyyətinə cəlb olunanlar da olacaq. Lakin bundan əvvəlki təcrübələr göstərir ki, yenə də hadisənin əsas səbəbkarları deyil, bir neçə iş icraçısı məsuliyyətə cəlb olunacaq. Bununla da öz şəxsi mənfətləri üçün kütləvi şəkildə qadınların, körpə uşaqların ölümünə səbəb olmuş şəxslər yenə də cəzasız qalacaqlar.

⚏OXŞAR XƏBƏRLƏR