Xəbərlər

Ölkəmiz “İqtisadi Həbsxana” xofunda…..

yan-25
13:39 2016

Ölkəmiz “İqtisadi Həbsxana” xofunda…..
MTN-də baş verən səs-küylü hadisələrdən, həbslərdən sonra bəlli oldu ki, daha çox iş adamları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətkar dəstəsinin qurbanlarından olublar. Artıq bu istiqamətdə araşdırmalar aparılır, sahibkarların iddiası əsasında qalmaqallı məhkəmələr keçirilir. Saytımıza daxil olan zərərərçəkmiş iş adamlarının müraciəti, məhkəmələrdən hazırlanan reportajlar onu deməyə əsas verir ki, keçmiş MTN-də təhlükəli bir şəbəkə iş adamlarına qarşı fəaliyyət göstərib və qanunsuz olaraq iş adamlarını həbs, şantaj və təhdid edərək onların küllü miqdarda pulunu, mülkünü əlindən alaraq öz hesablarına keçiriblər. İş adamlarının başına gətirilənləri saymaqla qurtarmaq olmur. Baş verənlərin isə motivi eynidir. Bu orqan əməkdaşlarının sahibkarların başına açdıqları oyunlardan bir neçəsini oxucuların diqqətinə çatdırırıq.
Ölkəmiz “İqtisadi Həbsxana” xofunda…..
İş adamları arasında Maqsud Mahmudov keçmiş MTN-nin sahibkarların başına gətirdiyi oyunlar haqda danışan şəxs olub. O, danışmaqla dayanmayıb, əlindən şantaj yolu ilə alınan əmlakın geri qaytarılması üçün hüquqi yollarla mübarizəsini aparıb.
Maqsud Mahmudovun iddialarından biri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı olub.

Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən iş adamı qeyd edib ki, Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksi və “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşını MTN əməkdaşları tərəfindən ondan zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib.
İşin mahiyyəti budur ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov “Texnikabank”a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən cinayətkar şəbəkənin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M. Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıblar. Biznesmendən tələb ediblər ki, 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəsin. 3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparılıb. İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar. Orada “Las Veqas” restoran kompleksini Azad İsmayılovun adına rəsmiləşdiriblər. Cəmin Hacıyev bununla da kifayətlənməyib, öz hesabına 115 min dollar da köçürtdürüb. Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300″ markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib.
2015-ci ilin oktyabrında MTN-də məlum “təmizləmə”lərdən sonra iş adamı məhkəməyə üz tutub. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddianı araşdırıb və təmin edib. Beləcə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.
Bir neçə gün əvvəl isə Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov Azad İsmayılovun iş üzrə yeni bir iddiasını icraata qəbul edib. Bununla da iş adamının “Las-Veqas” restoranı üzərinə yenidən həbs qoyulub. M.Mahmudovun vəkili Səyyad Məmmədov deyir ki, hakim iddianı icraata qəbul edə bilməzdi. Çünki qanun buna yol vermir:
“Bu iş üzrə Ali Məhkəmənin qərarı var. İyulun 31-də Ali Məhkəmə qərar çıxarıb. Azad İsmayılovun mülki iddiası pul tələbinə dairdir. Maqsud Mahmudovla guya aralarında alqı-satqı olub. Guya Maqsud Mahmudova verdikləri pul geri qayıtmayıb. Qaldırdıqları iddiada da yazırlar ki, pul bizə deyil, banka qaytarılsın. Ali Məhkəmə həmin alqı-satqının etibarsız olmasını təsdiqləyib. Etibarsız hesab olunması haqda qərar da ona əsaslanır ki, “Las Veqas” restoranı alqı-satqı olunarkən Maqsud Mahmudova pul ödənilməyib. Bu iddia ümumiyyətlə icraata qəbul edilməməli idi. Yeganə məqsəd odur ki, işi uzatsınlar, Ali Məhkəmənin qərarı icra olunmasın”.-S.Məmmmədov bildirir.
Vəkil deyir ki, iddianın icraata qəbul olunması hakimin qərəzliyindən xəbər verir. İş üzrə hazırlıq iclası avqustun 10-na təyin olunub. İddia məhkəməyə daxil olan kimi restoranın üzərinə həbs qoyulub.
Maqsud Mahmudov isə bildirir ki, “Nə qədər ki, Cavid Quluzadə orada qalıb işləyir, bizim başımıza oyun açmaqda davam edəcək. O, Eldar Mahmudovun, Akif Çovdarovun ”vuran əli” olub. Dırnaqarası iddiaçı Azad İsmayılov Cavid Quluzadənin 2 bazarını işlədir. Cavid Quluzadənin bundan başqa 3 beton zavodu var. Bu adam dövlətin gücündən bizə qarşı istifadə edir. Onun rəisi Vüsal Ələkbərov 13 il cəza aldı. O da mənim kimi iş adamlarına qarşı cinayətlər edirdi. Mən Cavid Quluzadə ilə “Texnikabank”da ləğv olunmuş MTN polkovniki Ayaz Gərayzadənin otağında tanış olmuşam. Ayaz Gərayzadə “Texnikabank”da törətdiyi cinayətlərə görə hazırda axtarışdadır. Bu adamlar biz iş adamlarına qənim kəsilib. Mal-mülkümüzü Eldar Mahmudovun dövründə əlimizdən almışdılar. Dövlət başçısı Eldar Mahmudovu işdən qovdu. 2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifədən qovulanda ən çox sevinən təbəqə biz sahibkarlar olduq. Başımıza gətirmədikləri oyun qalmamışdı. Qanunsuz həbs edirdilər, pulumuzu, varımızı əlimizdən alırdılar. 2-ci ildir ki, Eldar Mahmudov vəzifədə deyil, amma əlaltıları bizim başımıza oyun açmaqda davam edir. Ali Məhkəmənin qərarı əlimizdədir. Həmin qərarla mal-mülkümüzü özümüzə qaytardılar. Ali Məhkəmə 1 həftə əvvəl qərar verdi, bizim haqq-ədalətə, Azərbaycan məhkəmələrinə inamımız artdı. 1 həftə sonra Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov böyük bir qanunsuzluq elədi. Eyni iş üzrə yenidən qondarma, heç bir əndazəyə sığmayan iddianı icraata götürdü. Hakimlə təmasım olub. Deyir ki, nə olsun Ali Məhkəmənin qərarı var? Ali Məhkəmə özünə görə bir kişidir, mən də özümə görə bir kişiyəm. Biz sahibkarlar pul qazanmışıq ki, Rəşid Səmədov kimi şəxslərin əli ilə bir anda əlimizdən alsınlar? Bu harada görünüb ki, Ali Məhkəmənin çıxardığı qərara rayon məhkəməsi qulp qoyur? Nə edək? Biz iş adamları hara gedək? Bu adamlar bizneslə məşğul olurlarsa, dövlətin işindən çıxsınlar, adamların taleyi ilə oynamasınlar”.

Ölkəmiz “İqtisadi Həbsxana” xofunda…..
MTN-in hazırda həbsdə olan generalı Akif Çovdarova verilmiş çoxsaylı cinayət ittihamları arasında Bakının “8-ci kilometr” massivində yerləşən, xalq arasında “Vasmoy bazarı” kimi tanınan ticarət mərkəzinin qəsb olunması da var.
Virtualaz.org Akif Çovdarovun və Eldar Mahmudovun bu bazarı necə ələ keçirməsi haqda ötən ilin dekabrında yazmışdı.
Sahibkar nə demişdi…

Vaxtilə bazarın sahibi olmuş “Maral-Veqa” MMC-nin təsisçisi Salman Səfərov redaksiyamıza müraciət edərək bildirmişdi ki, Çovdarov-Mahmudov qruplaşması bazarı onların əlindən almaq üçün klassik MTN metodundan istifadə edib. Müəssisənin ofisinə qara maskalılar basqın edərək sahibkarın qardaşını və daha bir neçə nəfəri MTN-ə aparıb. Onlara işgəncə verilib və 500 min dollar alandan sonra buraxıblar. Daha sonra bazarın səhmləri zorla sahibkarın əlindən alınıb və MTN generallarının yaxınlarının adına rəsmiləşdirilib.

Ölkəmiz “İqtisadi Həbsxana” xofunda…..
Çovdarova qarşı irəli sürülmüş ittiham aktında zərərçəkənlər sırasında “Maral-Veqa” MMC-nin digər təsisçisi, Salman Səfərovun qardaşı (bazar onun adına rəsmiləşdirilmişdi) Cəfər Səfərovun da adı yer alır.
Cinayət işinin materiallarında yazılıb ki, 2005-ci il dekabrın 16-da bazarın giriş qapısı ilə üzbəüzdə yerləşən «Maral-Veqa» MMC-nin ofisinə MTN əməkdaşları silahlı basqın ediblər. Həmin vaxt Cəfər Səfərov ofisdə olmadığından onun qardaşı Qəhrəman Səfərovu, bazarın mühasibi Akif Əzimovu və direktoru Əyyub Novruzovu aparıblar. Onlar MTN-ə çatan kimi Akif Çovdarov Cəfər Səfərova zəng vurub, ondan nazirliyə gəlməyi tələb edib. Qorxuya düşən Cəfər Səfərov Bakıdan kənarda olduğunu desə də, Akif Çovdarov onun yalan danışdığını bildirib: «Yalan demə, bu dəqiqə sən «Elit»in qabağındasan…».
“Bazarı sizə Fərhad Əliyev verib?”
Nazirliyə gedən Səfərovu Akif Çovdarovun otağına aparıblar. Həmin vaxt ofisdən aparılan üç nəfər də kabinetdə imiş. Çovdarov Səfərova deyib ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə həmyerli olduğundan, bazarı da onlar üçün o alıb.
Həmin vaxt Fərhad Əliyev iki ay idi ki, həbs olunmuşdu və o da MTN-in istintaq təcridxanasında saxlanılırdı.
Cəfər Səfərov Fərhad Əliyevlə heç bir əlaqəsi olmadığını, bazarı 2002-ci ildə Çingiz Əsədov adlı şəxsdən 240 min dollara aldığını, hətta həmin pulun 120 min dollarını bankdan kredit götürüb, bazarı girov qoyduğunu, alqı-satqı müqaviləsinin də metronun «Neftçilər» stansiyasının yaxınlığındakı notariusda bağlandığını deyib. Bu zaman Çovdarov əsəbiləşib və işçilərinə bu adamı aparıb «başa salmağı» tapşırıb.
Sahibkarı MTN-in qaranlıq otağında 4 saat “başa salıblar”. Sahibkarı təxminən 4 saat qaranlıq otaqda saxlayıb, döyəndən sonra yenidən Çovdarovun kabinetinə qaytarıblar. Bu dəfə ona bildirilib ki, məsələdən nazir Eldar Mahmudovun da xəbəri var və onun göstərişi ilə bura gətirilib, 500 min dollar verib, azadlığa buraxıla bilər. Pulu gətirmək üçün həmin axşam Cəfər Səfərov və digər üç nəfəri buraxıblar.
Ertəsi gün Akif Çovdarov onunla yenidən əlaqə saxlayıb, bu dəfə bazarı təhvil verməyi tələb edib. Cəfər Səfərov bazarı verməkdən imtina edib, deyib ki, götürülmüş kredit tam ödənilmədiyindən əmlak hələ də bankda girovdur. Akif Çovdarov onu və qardaşlarını iynə ilə iflic etdirməklə, həbslə hədələyib.
Hədələrdən qorxan Cəfər Səfərov bazarı təhvil verməyə razılaşıb. Dekabrın 20-də Akif Çovdarov şəxsən onunla birlikdə banka gedərək, 70 min dollardan bir qədər artıq krediti ödəyib və bazarın da daxil olduğu «Maral-Veqa» MMC-nin banka borcu olmaması barədə arayış alıb. Ardınca da Dövlət Əmlak Komitəsinə gediblər. Orada Çovdarov kiminləsə telefonla danışıb və sənədləri ona təhvil verib. Təxminən yarımsaat sonra əmlakın üzərində həbs olmadığını təsdiqləyən sənədi gətirib Çovdarova veriblər. Oradan da çıxıb notariusa gediblər. Notariat kontorunda meyvə-tərəvəz bazarı Eldar Mahmudovun, Akif Çovdarovun yaxın adamı kimi tanınan Qulu Cəfərov adlı şəxsə təhvil verilib.
P.S. Akif Çovdarovun həmyerlisi, qohumu və kirvəsi olan Qulu Cəfərov Mahir Abdullayevin oğurlanması cinayətində vacib iştirakçılardan biridir. O, billavasitə Akif Çovdarovun tapşırıqlarını yerinə yetiribdir. Lakin, Prokurorlugun İstintaq Komissiyası bu günə qədər Qulu Cəfərovun həbsini ört-basdır etməklə məşğul olubdur. AR-in Baş Prokurou Zakir Qaralov Mahir Abdullayevin ogurlanması cinayətini biznes mənbəyinə çeviribdir. O, Mahir Abdullayevin ogurlanması cinayətini vəzifəsindən sui-istifadə edərək bil-bilə qəsdlə 13-cü ildir ki, ört-basdır edir. Buna görə də Baş Prokuror Zakir Qaralov, yalnız Mahir Abdullayevin ogurlanması cinayətinə görə istefa verib Akif Çovdarovla eyni müttəhimlər kürsüsündə oturmalıdir. Şübhə etmirəmki, yaxın gələcəkdə biz bunun da şahidi olacağıq…!?
Ölkəmiz “İqtisadi Həbsxana” xofunda…..

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru