Hakimiyyət stulunu özəlləşdirən qocaman məmurlarımız….

Yüksək rütbəli məmurların yaşlarının həddindən çox olmasına baxmayaraq onların hələ də hakimiyyət stuluna yapışıb qalması hər zaman qaynar müzakirə mövzusu olub. Məsələ burasındadır ki, yaş dedikdə mən yalnız onların bioloji yaşını nəzərdə tutmuram. Yaş dedikdə onların həm də hakimiyyət yaşı nəzərdə tutulur. Təəssüflər olsun deməliyik ki, bir çox məmurların demək olar öz yaşları qədər hakimiyyət yaşı vardır. Dərin müzakirələrə keçməmişdən öncə bir çox dövlət məmurunun yaşına nəzər salmaq istərdik. Hakimiyyətdə ən yaşlı məmur baş nazir Artur Rəsizadədir. 1935-ci ildə doğulan Artur Rəsizadənin 80 yaşı vardır və 1996-cı ildən bəri baş nazir vəzifəsini icra edərək hakiyyətdə 19 il olmuş olur. 1995-ci ildən baş nazirin müavini vəzifəsində çalışan Abid Şərifovun 75 və hakimiyyət yaşı isə 20 il olmuş olur. Prezident administrasiyanın rəhbəri Ramiz Mehdiyev-in 77 yaşı və hakimiyyət yaşı 20 il, Energetika naziri və öncələr dövlət neft şirkətinin prezidenti vəzifəsində çalışan Natiq Əliyevin 68, hakimiyyət yaşı isə 22 il, daxili işlər naziri Ramil Usubov-un isə 66 yaşı və hakimiyyət yaşı isə 22 ildir. Təbii ki, bu siyahını istənilən qədər genişləndirmək olar. Bu yaş problemi bütün sahələrə aiddir. İstər nazirliklərdə, universitetlərdə, tibb müəssisələrində və digər sahələrdə idarəedici insanların hamısı yaşlı insanlardır və onların tutduqları post ən azı 20 ildən çoxdur ki az deyil, hansı ki, onlar çox zaman heç vəzifələrini belə idarə edə bilmir. Onların sadəcə adı sənəddə olur və onların işlərini yerinə yetirən isə onların əli altında işləyən gənclər olur. Bu vəziyyət həmin vəzifəli şəxslərin dünyasını dəyişənə qədər dəvam edir. Yəni, artıq vəzifəyə gəldinsə bu ömürlük sənindir və bu vəzifəni səndən ancaq ölüm ala bilər mentalitetinə malikdir adamlar.
Nəticədə isə, gənc kadırlar işsizlik ucbatından və yaxud da onlara lazımi dəyərin verilməməsinə görə kütləvi şəkildə ölkəni tərk edir. Doğrudan da bəzi yüksək postlar tutan qocaman məmurların vəzifədən getmək istəməməsi suallar doğurur. Hakimiyyət uzun illər birlikdə yol gəldiyi, sadiqliyinə inandığı qocaman məmurları postlarında saxlamağa üstünlük verə bilər, bəs, səhhətində problemlər yaranan və ümumiyyətlə idarəetmə və hətta dərketmə qabiliyyətini itirən həmin şəxslərin özləri niyə bununla razılaşırlar? Axı niyə çalışdıqları vəzifələrin gərgin iş rejimini nəzərə almırlar? Hər gün görüşlər, tədbirlər, qəbullar, bununla yanaşı stress, yorğunluq və digər amillər 70 yaşlı nazirlərin səhhətində özünü göstərməyə bilməz. Heç kimə sirr deyil ki, onların tutduğu vəzifələri normal şəkildə idarə etməsi qeyri-mümkündür. Ölkəni siyasi-iqtisadi, sosial cəhəttən irəli aparmaq üçün bu cür postlarda, gənc, enerjili, yenilikçi, savadlı kadırlar lazımdır. Bəs onda nə baş verir? Bu məmurlar nədən istefa etmirlər?
Məmurların qocaman yaşda kreslodan əl çəkməməsi, istefa etməməsi bu günümüz üçün çox aktual məsələdir. Bizdə məmurların bir çoxu ona görə istefa verə bilmir ki, vəzifədə olarkən çoxlu, geniş səlahiyyətlərə sahib olur. Özlərini bu cəmiyyətdə şəxsi keyfiyyətlərinə görə yox, tutduqları vəzifələrinə görə tanıda bilirlər. Ona görə də vəzifədə olduqları müddətdə tanınırlar, üzdədirlər, ətraflarında müəyyən nüfuza malikdirlər.
İkincisi, həm də təəssüf doğuranı odur ki, vəzifədə olanların əksəriyyəti ciddi biznes fəaliyyətilə məşğuldurlar. Onların hər birinin kurasiyasında bir neçə biznes qurumlar var. Biznes qurumlarının fəaliyyətini təmin etmək üçün vəzifə onlara zəruridir. Vəzifəsiz həmin biznes fəaliyyətinin davam etməsi, ayaqda qalması çətin olar. Çünki bilirlər ki, istefaya gedən kimi bütün əmək fəaliyyətini təftiş etməyə başlayacaqlar. Olan, olmayan mülklərinin siyahısını dərc edəcəklər. Hətta illər uzunu yığdıqları varidatları əllərindən də alına bilər.
Bundan başqa məmurların bir qismi fəaliyyətdə olduğu zaman elə sənədlərə imza atıblar, elə hadisələrə şahidlik ediblər ki, kiminsə bu məsələləri araşdırmasını istəmirlər. İstəyir ki, hər şey onun nəzarəti altında olsun. Bütün bunların hamısı yekunda elə bir vəziyyət yaradıb ki, Azərbaycan məmuru bu gün istefaya gedə bilmir, “özü harada qırılar, qırılar” prinsipindən çıxış edərək, kreslolarından bərk-bərk yapşırlar.
Bu məmurlar arasında artıq səhhətində ciddi problemlər olması səbəbi ilə İzrail, Turkiyə kimi ölkələrə üz tutan məmurların da xəbəri mətbuatda öz yerini tapmaqdadır. Məsələn,
Baş nazir Artur Rasizadə səhhəti ilə bağlı artıq bir neçə dəfədir ki, ciddi problemlər yaşayıb, hətta bir neçə dəfə onun artıq həyatda olmadığı xəbərləri də yayılıb. Amma o hələ də hakimiyyətdir və vəzifəsini yarı can dəvam etdirir. Bu kimi xəbərləri baş nazirin müavini Abid Şərifov, Azərbaycan Hava yolları (Azal) presidenti Cahangir Əsgərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və s kimi məmurlara da aid etmək olar.
Beləliklə, ölkəmiz hakimiyyəti özəlləşdirən və onu ancaq öz yaxınları ilə bölüşən bir şəxslərin əlindədir. Bu isə avtoritar rejimin ən çılpaq reallıqlarındandır ki, bugün biz buna şahid oluruq.

⚏OXŞAR XƏBƏRLƏR