Bu da axırı… Eldəniz Səlimovu 3 ildən 8 ilə qədər həbs gözləyir

avq-04
10:20 2021

Deputat Eldəniz Səlimov həbs olunub. Avqustun 3-də Binəqədi rayon Məhkəməsində hakim prokurorun təqdimatını təmin edərək onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqda qərar çıxarıb.

“Press Klub”un əldə etdiyi məlumata görə, məhkəmədə deputat və onun vəkili prokurorun təqdimatına etiraz ediblər. Vəkil bildirib ki, E.Səlimov nüfuzlu şəxsdir, istintaqdan yayınmaq fikri yoxdur, o, həbsdə olmadan da araşdırma aparmaq olar, həbs qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Müstəntiq bu fikirlərlə razılaşmayıb və prokurorun təqdimatını müdafiə edib. Müstəntiq deyib ki, E.Səlimov azadlıqda qalarsa, şahidlərə təsir göstərə bilər, ona görə də həbsi vacibdir.

Hakim ittiham tərəfi ilə razılaşıb və qısa müşavirədən sonra həbs qərarını elan edib.

45 yaşlı Eldəniz Səlimov iyulun 29-da Xaçmaz rayonundakı “Starıy dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevə qarşı zorakılıqda ittiham olunur.

Avqustun 3-də Milli Məclisin növbədənkənar iclasında E.Səlimovun toxunulmazlığı ləğv edilib, ardınca o, təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

E.Səlimov hadisədən sonra bir neçə gün susqunluq nümayiş etdirib, özü ilə bağlı müzakirələrə münasibət bildirməsə də, baş prokurorun onun toxunulmazlıq statusunun ləğvi üçün parlamentə təqdimat verməsi, Milli Məclisin növbədənkənar iclasının çağırılmasından sonra avqustun 2-də belə bir açıqlama yayıb:

“…Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur. Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gün susdum. Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir. Bu səhvimə görə ilk növbədə möhtərəm prezident, cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək”.

Avqustun 2-də E.Səlimovun Milli Məclisin İntizam Komissiyasının iclasında da iştirak edərək əməlinə görə üzr istəyib. Lakin komissiya onun toxunulmazlığına xitam verilməsinin məqsədəuyğunluğu barədə rəy verib. Məsələnin parlamentin bir gün sonraya təyin edilmiş növbədənkənar iclasında müzakirəsi tövsiyə olunub.

İntizam Komissiyasının iclası ilə eyni gündə – avqustun 2-də Xaçmazda Yeni Azərbaycan Partiyasının yerli təşkilatının toplantısında deputatın məsələsi müzakirəyə çıxarılıb. Qərara gəliblər ki, E.Səlimov polisi vurmaqla YAP-ın nüfuzuna xələl gətirib, ona görə də partiyadan xaric edilməlidir.

Toxunulmazlığının ləğvinə və cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, E.Səlimov deputat mandatını itirməyib. Deputat səlahiyyətlərinin hansı hallarda itirilməsi Konstitusiyanın 89-cu maddəsində sadalanıb. Orada yazılanlardan məlum olur ki, ya E.Səlimov özü indidən könüllü şəkildə mandatdan imtina etməlidir, yaxud onun cinayət törətdiyini təsdiqləyən, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır.

1976-cı il təvəllüdlü E.Səlimov 2010-cu ildən Milli Məclisin üzvüdür. O, 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən YAP-ın deputatıdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru