Xüsusi nümayəndəlik sistemi özünü doğruldacaqmı? - Yeni idarəçilik modelinə keçid

fev-22
12:27 2021

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 4 fevral tarixli Fərmanına əsasən, xüsusi nümayəndəliklər haqqında Əsasnamə təsdiq edilib. Fərmanda deyilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Prezidentin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini ölkə başçısı İlham Əliyevin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər. Yəni, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Prezidentin təyin etdiyi xüsusi nümayəndəliklə razılaşdırılmamış heç bir addım ata bilməyəcəklər.

Qeyd edək ki, İlham Əliyev öz çıxışları zamanı bu barədə danışıb. Bildirib ki, həmin nümayəndəliklər ona görə təsis edilib ki, ayrı-ayrı məmurların özbaşınalığına, mənimsəmələrinə, qanunsuz əməllərinə yol verilməsin.

Demək olar ki, bu, Azərbaycanda yeni yerli idarəçilik sisteminin yaradılmasının siqnalıdır. Gələcəkdə Azərbaycanda regional idarəçilik Prezidentin xüsusi nümayəndələrinin ixtiyarına veriləcək.

Hökumət nümayəndələri tərəfindən də bununla bağlı mesajlar verilir. Məsələn, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin son iclasında bildirdi ki, Prezidentin xüsusi nümayəndələri bu gün yalnız işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək. Bununla yanaşı, o, deyib ki, xüsusi nümayəndəlik institutu özünü doğruldarsa, gələcəkdə Azərbaycanın digər ərazilərində də ola bilər. Ə.Hüseynli onu da əlavə edib ki, xüsusi nümayəndələrlə həmin ərazilər üzrə icra başçılarının səlahiyyətləri ilə kəsişmir.

Bu məsələ isə bir qədər anlaşılmaz qalır. Əlbəttə, xüsusi nümayəndə ilə icra hakimiyyəti orqanının, icra başçısının səlahiyyətləri kəsişməyə bilər, amma ikili idarəçilik hansı formada olacaq?

Məsələ ilə bağlı AYNA-ya danışan sabiq icra başçısı, deputat Nəsib Məhəməliyev deyib ki, Prezident İlham Əliyevin Qarabağ bölgəsinə xüsusi nümayəndələrin təyin etməsini Azərbaycan dövlət idarəetməsi sistemində aparılan struktur islahatı kimi qəbul etmək lazımdır.

Onun sözlərinə görə, 30 il ərzində Ermənistanın işğalı altında tamamilə dağıdılmış şəhər, rayon və kəndlərin bərpası, məskunlaşma, ölkənin qarşısında duran ən aktual məsələlərdəndir:

“Təkcə infrastruktur layihələrinə milyardlarla vəsaitin ayrılması nəzərdə tutulur. Ayrılmış maliyyə vəsaitlərinin səmərəli istifadəsi, operativ, keyfiyyətlə icrası təmin olunmalıdır. Bu baxımdan hesab edirəm ki, xüsusi nümayəndə institutu özünü tam doğruldacaq”.

“İcra hakimiyyətləri ilə xüsusi nümayəndənin fərqi ondadır ki, ikincilər bilavasitə Prezidentin tabeliyində fəaliyyət göstərəcəklər və işğal altında olan bölgələrin bərpası ilə bağlı aparılan işlərə nəzarət edəcəklər. İcra başçıları isə Prezidentin təsdiq etdiyi “Yerli icra hakimiyyətləri” haqqında Əsasnaməyə uyğun fəaliyyət göstərirlər və xüsusi nümayəndələrdən fərqli olaraq daha çox əhali təbəqəsi ilə işləyirlər”, - deputat qeyd edib.

Millət vəkili hesab edir ki, idarəetmə sistemindəki bu yeniliklər özünü doğruldacaq və gələcəkdə ölkənin digər inzibati ərazilərində də tətbiq oluna bilər: “Bunu bütün ölkə ərazisində tətbiq etmək üçün mövcud Əsasnamə tamamilə yenidən işlənməlidir”.

Respublikaçı Alternativ Partiyanın (ReAl) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə AYNA-ya bildirib ki, bu idarəetmə modelinə çoxdan keçilməli idi: “Hələ 2013-cü ildə ReAl-ın Proqram sənədində bu barədə geniş təkliflərimiz yer almışdı. Biz o vaxt təklif etmişdik ki, yerli icra hakimiyyəti orqanları tamamilə ləğv edilməlidir, onun funksiyaları yerli icra hakimiyyəti orqanları arasında bölüşdürülməlidir. Prezident də genişləndirilmiş regionlar üzrə xüsusi nümayəndələrini təyin etməlidir. Həmin xüsusi nümayəndələr qanunların yerinə yetirilməsinə nəzarət funksiyasını həyata keçirməlidirlər. Bu, daha ağlabatan və qarışıq olmayan idarəçilik modelidir”.

“Ümid edirəm ki, bu sistemə keçid olacaq. Hazırda Qarabağda xüsusi nümayəndəliklərin yaradılması keçid dövrü üçün nəzərdə tutulub. Yəni, paralel strukturlar, həm Prezidentin xüsusi nümayəndələri, həm də icra strukturları fəaliyyət göstərir. Düşünürəm ki, bu, qarışıqlıq yaradır.

İkili idarəetmə forması yaxşı hal deyil. Məncə, bu, indi ekspermentdir, sonradan xüsusi nümayəndələr sistemi ölkənin tamamına tətbiq olunacaq. Doğrusu da budur”, - ReAl funksioneri əlavə edib.

N.Cəfərlinin qənaətincə, hər rayon üzrə Prezidentin xüsusi nümayəndəsinə ehtiyac yoxdur: “Bütün ölkə üzrə təxminən 15 böyük iqtisadi rayon yaradılmalı və xüsusi nümayəndələr o rayonlara təyin edilməlidirlər. Gündəlik fəaliyyəti isə böyük şəhər, rayon və kənd bələdiyyələri həyata keçirməlidirlər. Bu, həm hökumətin əlavə yükünü azaldacaq, həm də idarəetmənin keyfiyyətini yüksəldəcək”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (122)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru