Mikayıl Cabbarov satınalmalarda da sahman yarada bilməyib - HESABAT

apr-20
18:34 2021

Bu günlərdə Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatı Milli Məclisdə müzakirə olundu. Müzakirədən əvvəl isə mətbuat hesabatdakı maraqlı məsələləri ictimailəşdirdi. Hesabatdan məlum olur ki, Palatanın 2020-ci il ərzində 34 dövlət qurumunda həyata keçirdiyi nəzarət tədbirləri zamanı 101 halda dövlət satınalmaları sahəsində problemlər aşkarlanıb. Bundan əlavə, Palata dövlət satınalmalarına nəzarət edən yeganə qurumun - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təqdim etdiyi illik hesabat əsasında dövlət satınalmaları sahəsində uzun illərdir mövcud olan kəskin problemlərin olduğu kimi qaldığını üzə çıxarıb.


Palata bildirir ki, dövlət satınalmalarının dövlət maliyyə idarəçiliyində həlledici rola malik sahə olduğunu və tez-tez çoxsaylı risklərə məruz qaldığını, beynəlxalq təcrübədə satınalmalar sahəsinin korrupsiyaya münasibətdə “həssas” sahə hesab edilməsini nəzərə alaraq, 2020-ci ildə də dövlət satınalmaları sahəsində fəaliyyəti həyata keçirdiyi uyğunluq auditlərində əsas predmet suallarından biri kimi müəyyənləşdirib. Ümumilikdə, Hesablama Palatası dövlət satınalmaları sahəsində rast gəlinən nöqsanlar sırasında satınalmanı həyata keçirən qurumlar tərəfindən illik və rüblük satınalma planlarının hazırlanmamasını, şəffaflıq və səmərəlilik prinsiplərinə əməl edilməməsini, dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün hesablanmamasını və ya ümumiyyətlə hesablanmamasını, satınalmaların qurumun məhsullara, işlərə və xidmətlərə olan tələbatı nəzərə alınmadan və konkretləşdirilmədən planlaşdırılmasını, satınalmaların keçirilməsi üçün təsdiq olunmuş smeta deyil, maliyyələşmənin əsas kimi qəbul edilməsini xüsusilə vurğulayır: “Son illərdə həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri əsasında formalaşan bazaya və audit təcrübəsinə əsaslanaraq dövlət satınalmaları sahəsində rast gəlinən çatışmazlıq və uyğunsuzluqları aşağıdakı mərhələlər üzrə qruplaşdırmaq olar:
-satınalmaların planlaşdırılması;
-satınalmaların keçirilməsi;
-satınalmaların rəsmiləşdirilməsi.
Satınalma prosesinin fərqli mərhələlərinə aid olan çatışmazlıqların və uyğunsuzluqların səbəblərini bilmək onların azaldılması və tam aradan qaldırılması istiqamətində təsirli addımların atılmasında vacib rol oynayır”.
Palatanın araşdırmaları göstərir ki, əksər satınalma keçirilən qurumlarda hər bir mərhələdə müxtəlif pozuntu halları mövcuddur! Məsələn, aatınalmaların planlaşdırılması mərhələsi ilə bağlı problem büdcə istifadəçiləri tərəfindən satınalma planının təsdiq edilməməsi, yaxud bunun formal mərhələ kimi qəbul edilməsidir: “Belə ki, bu yanaşma zamanı dövlət ehtiyacları üçün malların miqdar və həcminin tələbata uyğunluğu, hər hansı bir metodla keçirilən satınalmaların məqsədəuyğunluğu araşdırılmır. Nəticədə isə bu nöqsanlar büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmamasına və sonradan uzunmüddətli saxlanmaya uyğun olmayan qalıqların yaradılmasına, həmçinin satınalma metodlarının icazəli və ya icazəsiz dəyişdirilməsinə səbəb olur.
Satınalmaların keçirilməsi zamanı yol verilən uyğunsuzluqların təhlili göstərir ki, satınalma subyektləri tərəfindən nöqsanlara iki səbəbdən yol verilir:
-Büdcə vəsaitlərindən istifadə edərkən mövcud vaxt çərçivəsinə uyğunlaşmaq;
-Dövlət satınalmaları prosedurlarının həyata keçirilməsi zamanı rəqabət üsullarının istifadəsindən yayınmaq. Hesablama Palatası satınalmaların planlaşdırıması mərhələsində müşahidə edilən mövcud münasibətin yuxarıdakı iki əsas məqsəddən doğan bir nəticə olması qənaətindədir”.
Palata satınalmaların keçirilməsi mərhələsində daha çox rast gəlinən pozuntuları da sadalayır. Bunlar büdcə vəsaitlərindən istifadə zamanı rəqabətli satınalma üsullarına deyil, əsasən və daha çox birmənbədən satınalma metodundan istifadə edilməsi; bir mənbədən satınalma metodundan istifadə üçün icazə alınsa da, qanunvericiliyin tələblərinə uyğun satınalma prosedurlarının aparılmaması və ehtimal olunan dəyərin hesablanılmaması; xərclər smetası və tədbirlər planının əvvəlcədən tərtib və təsdiq edildiyi halda, vaxt məhdudiyyəti adı ilə birmənbədən satınalma metodunun seçilməsi, bir mənbədən satınalmaların keçirilməsi üçün müvafiq icazə alınsa da, satınalmanın keçirilməsinin gecikdirilməsi; metodundan asılı olmayaraq satınalmaların ehtimal olunan qiymətinin artıq hesablanması; açıq tender prosedurlarının keçirilməsi zamanı “Dövlət satınalmaları haqqında” Qanunun şərtlər toplusu və ixtisas uyğunluğu ilə bağlı tələblərinin tam gözlənilməməsi; satınalmaların əsas şərtlər toplusunda iddiaçılar tərəfindən texniki imkanları və işçi qüvvəsi barədə məlumatların təqdim edilməsinin nəzərdə tutulmasına baxmayaraq, bəzi hallarda bu məlumatların müvafiq sənədlərlə (hesabatlarla) təsdiq edilməməsi və alınmamasıdır: “Bu mərhələdə yol verilən uyğunsuzluqlar nəticəsində artıq və əsassız ödənişlərin yaranmasına şərait yaranır, həmçinin eyni bir podratçı ilə çoxsaylı predmetli müqavilələr bağlanılır, satınalma subyekti tərəfindən hansı satınalma metodunun tətbiq olunmasından asılı olmayaraq satınalmanın qalibi eyni təşkilat olur və qalibin yekun qiymətindən qənaət əldə edilmir”.
Keçirilmiş satınalmaların sonuncu mərhələsi olan satınalmaların rəsmiləşdirilməsi zamanı tender komissiyalarının yekun protokollarının təsdiq edilmiş formaya uyğun olmaması, protokolların vaxtında göndərilməməsi, bağlanmış müqavilələrin şərtlər toplusuna uyğun olmaması kimi pozuntular qeydə alınır: “ Auditorların qeydə aldığı əsas məqamlar göstərir ki, dövlət satınalmaları dövlət vəsaitlərinin səmərəsiz istifadəsi risklərinin mövcud olduğu sahədir. Bu səbəbdən yaranmış vəziyyətin aradan qaldırılması bir çox qurumun – cari dövlət nəzarət orqanlarının, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və satınalan qurumların rəhbər orqanlarının birgə səylərinin həyata keçirilməsini tələb edir. Hesablama Palatası son illər ərzində, bu barədə dövlət qurumlarını və geniş ictimaiyyəti məlumatlandırsa da, bununla bağlı effektiv tədbirlərin tam olaraq başa çatdırılması təmin edilməmişdir. Sadaladığımız problemlərin Azərbaycan Respublikasında satınalma sisteminin effektivliyini zəiflətdiyi qənaətindəyik və Hesablama Palatası olaraq dövlət satınalmalarında səmərəliliyin əldə edilməsinin normativ bazanın davamlı təkmilləşdirilməsindən və dövlət satınalmalarına nəzarətin gücləndirilməsindən keçdiyini diqqətə çatdırmaq istərdik”.
Göründüyü kimi, Palata üstüörtülü də olsa, satınalmalara nəzarət etməli olan qurumun - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin satınalmalar sahəsində mövcud olan çox böyük problemlərin aradan qaldırılması üçün ciddi addımlar atmadığını qeyd edir. Halbuki Prezident tərəfindən imzalanan Əsasnaməsində Xidmətə satınalmalarala bağlı çox böyük səlahiyyətlər verilib. Belə ki, Xidmət:
-dövlət satınalmaları zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək;
-dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək;
-dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) müsabiqə və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər əsaslarla satın alınmasının qanuniliyinə və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunu dayandırmaq və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq;
- dövlət satınalmalarının vahid internet portalının operatoru funksiyalarını yerinə yetirmək;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada satınalan təşkilatın qərarlarını təsdiq etmək;
- satınalmalarla bağlı malgöndərənlərin (podratçıların) şikayətlərinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxmaq və tədbirlər görmək;
-satınalma müqaviləsi imzalanarkən, malların (işlərin, xidmətlərin) hər bir vahidinin qiymətini və meyarlarını dəyişdirməmək şərtilə, malların (işlərin, xidmətlərin) həcminin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq artırılıb-azaldılmasına, həmçinin illik satınalma planına daxil edilməyən hər hansı malın (işin, xidmətin) satın alınmasına təcili tələbat yarandıqda, həmin malın (işin, xidmətin) satın alınmasına razılıq vermək;
-dövlət satınalmaları üzrə illik hesabatları hazırlamaq və Nazirliyə təqdim etmək geniş səlahiyyətlərə malikdir.
İqtisadçı-ekspert Rövşən Ağayev Palatanın hesabatı əsasında əldə etdiyi çox acınacaqlı bir məlumatı açıqlayıb: “2019-cu ildə dövlət satınalmalarına xərclənən 5.7 milyard manat vəsaitin 75 faizi cəmi 4.5 faiz təchizatçı şirkətə gedib.
95.5 faiz biznes subyekti isə cəmi satınalma vəsaitlərinin 25 faizinə sərəncam verib. Bu, bizim üçün adi normadır, normal ölkələr üçün heyrətləndirici fakt”.
Ekspertin diqqət çəkdiyi məsələ satınalmalar sahəsində çox böyük inhisarçılığın olduğunu göstərir. Halbuki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ən əsas vəzifəsi məhz bu inhisarçılığın qarşısını almaq, dövlət vəsaitləri hesabına həyata keçirilən satınalmalarda sağlam rəqabət mühitinin, hamı üçün bərabər şərtlərin yaradılmasını təmin etməkdir.
Hesablama Palatası aşkarlayıb ki, Xidmət tərəfindən keçirilmiş müsabiqələrin reyestrinin aparılmasında bəzi hallarda satınalan və podratçı təşkilatların adları qeyd edilərkən eyniləşmə təmin edilməyib, başqa sözlə, eyni satınalan və podratçının adı ayrı-ayrı müqavilələr üzrə müxtəlif formada qeyd olunub, vahid internet portalında satınalan təşkilatlar tərəfindən yerləşdirilən 252,4 min manat məbləğində 129 satınalma müqaviləsi 2 və daha çox dəfə qeyd edilib: “Müxtəlif qurumlar tərəfindən satınalınan eyni məhsul və xidmətlərin qiymətlərində bəzi hallarda orta qiymət və bir-birilə müqayisədə kəskin fərqlər müşahidə edilmişdir. Bu isə, Xidmət tərəfindən məlumat bazasının formalaşdırılmaması və ya mümkün informasiyaların analitik metodlarla təhlili ilə bağlı fəaliyyətin təşkil olunmaması ilə izah edilməlidir”.
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabe olduğu İqtisadiyyat Nazirliyinin başına Mikayıl Cabbarov gətirilən zaman onun dövlət satınalmaları sahəsindəki köklü problemlərin həlli istiqamətində ciddi addımlar atacağı gözlənilirdi. Ölkə rəhbərliyinin tam etimadına malik olan nazirin vəzifədə olduğu dövrdə dövlət satınalmaları ilə bağlı yeganə müsbət dəyişiklik qismən də olsa elektronlaşmaya gedilməsidir ki, onun da icrası ləngdir, adekvat və arzuolunan səviyyədə olmadığından proses çox ağrılı gedir. Dövlət satınalmaları ilə bağlı əsas mənfi dəyişiklik isə satınalmaları tənzimləyən mərkəzi icra hakimiyyəti orqanının ictimai hesabatlılıqdan imtinasıdır. Belə ki, qanunvericiliyə edilən son dəyişikliklər nəticəsində satınalmalar üzrə illik hesabatlar yalnız İqtisadiyyat Nazirliyinə təqdim edilir. Bu isə nazirliyin satınalmalarla bağlı şəffaflığı təmin edəcək yeganə quruma çevirir. M.Cabbarovun rəhbərliyi altında bu sahədə faktiki olaraq heç bir işin görülmədiyi isə göz önündədir. Məhz bu səbəbdən də mütəxəssislər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılaraq, birbaşa Prezidentə tabe olan müstəqil qurum kimi fəaliyyətinin təmin olunmasını zəruri sayırlar. Əks halda, başı hakimiyyət daxilində özünə komanda qurmağa qarışan M.Cabbarov dövlət satınalmalarındakı problemlərin həlli istiqamətində heç bir addım atmamağa davam edəcək. Bu isə yüz milyonlarla manat dövlət vəsaitinin qaranlıq satınalmalar nəticəsində təyinatından yayındırılmasına gətirib çıxaracaq.

AFN.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

May 2021 (305)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)

Рейтинг@Mail.ru