Deputata qarşı məhkəmədə sənədlər qovluqdan yoxa çıxıb - İLGİNC

iyn-25
09:07 2021
Deputata qarşı məhkəmədə sənədlər qovluqdan yoxa çıxıb - İLGİNC

İyunun 24-də Sabunçu Rayon Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə Seymur Quliyevin Milli Məclisin hazırkı deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadə, deputatın atası, eks deputat Hacı Qalib Salahzadə və digər şəxslərə qarşı iddiası üzrə proses keçirilib.

“9 il əvvəl vətəndaşa məxsus özəl mülkiyyət qarət olunub və dağıdılıb!”

Seymur Quliyevə məxsus Bilgəh qəsəbəsində 20 sot torpaq sahəsi zəbt olunub, içindəki 2 və 3 mərtəbəli evlər talan edilib və özülünə qədər sökülüb. Bu işdə cavabdehlər Milli Məclisin deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Salahzadə və atası, keçmiş deputat Qalib Salahzadədir.

Pandemiya deyib jurnalistləri zala buraxmadılar, Hacı Qalibin vəkili naməlum şəxsi zala keçirdi

Məhkəmədə jurnalistlərin iştirakına imkan verilməyib. İddiaçı Seymur Quliyev buna etiraz edib. Hakim Tahirə Əsədova qadağanı pandemiya ilə əlaqədar məhkəmə zalında 10 nəfərə qədər adamın iştirakına icazə verilməsi ilə əsaslandırsa da, iddiaçı bu arqumentlə razılaşmayıb: “Hakim, katib, Qalib Salahzadənin vəkili və mən zalda idik. Başqa bir şəxs də vardı. Məlum oldu ki, onu da vəkil özü ilə zala gətirib. Hakim kimliyi ilə maraqlandı, adını demədilər. Hakim də jurnalistlərin zala buraxılmadığını dedi, onu da zaldan çıxardı. Zalda cəmi 4 nəfər şəxs vardı. Tələb etdim ki, açıq məhkəmə prosesində jurnalistlərin iştirakı təmin edilsin. Hakim məhkəmənin açıq keçirildiyini dedi, amma jurnalistləri yenə də məhkəmə binasına buraxmadılar. Qalib Salahzadə məhkəmə binasına gəlsə də, zala daxil olmadı. Dedilər ki, məhkəmə rəhbərliyi ilə görüşə gəlib”.

Deputatla həyat yoldaşı məhkəməyə gəlmədilər

Digər cavabdehlər Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə, gəlini Xatirə Allahşükür qızı prosesə qatılmayıblar. Qalib Salahzadənin vəkili bunu onların məhkəməyə çağırış vərəqələrini almamaları ilə izah edib. Seymur Quliyev 2003-cü ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin, orada tikdirdiyi evlərin zəbt olunması, sökülməsi, əlində mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğu halda, həmin ərazinin son illər avtodayanacaq kimi istifadə olunması haqda danışıb. İddiaçı bildirib ki, son 10 ildə bu problemlərlə əlaqədar dəfələrlə məhkəmə çəkişmələri olub. Əlində onun haqlı olduğunu sübut edən 13 fərqli məhkəmə qərarı var.

“Evimdəki əşyaları, uşaqlarımın oyuncaqlarını... hər şeyimi daşıyıb apardılar...”

O vurğulayıb ki, qeyd olunan ərazidə onlar yaşadıqları halda, Xatirə Salahzadənin adına çıxarış alınıb: “Halbuki həmin vaxt 10 il idi orada biz yaşayırdıq. Əlimizdə də öz ”kupçamız" var idi. Uzun məhkəmə çəkişmələrindən sonra məhkəmədə biz haqlı olduğumuzu sübut elədik. Buna baxmayaraq, Qalib Salahzadə qoçu kimi bizi yaşadığımız evdən zorla çıxartdırdı. Evlərimi sökdürdü. Evimdəki əşyaları, uşaqlarımın oyuncaqlarını... hər şeyimi daşıyıb apardılar..."

“...Sənədlər Sabunçu Məhkəməsindən oğurlanıb”

Məhkəmədə Qalib Salahzadənin vəkili deyib ki, müvəkkili Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub. Buna görə də iddiaya baxışın dayandırılmasını istəyib. Vəkil bildirib ki, Seymur Quliyevə məxsus torpaq sahəsi iddiada göstərilən ərazidə deyil.

Seymur Quliyev isə bildirib ki, qarşı tərəf yalan danışır, onun torpaq sahəsinin koordinatları var, torpağı da Qalib Salahzadə tərəfindən qəsb olunub, torpağı üzərindəki əmlaklar talan edilib: “Məhkəməyə iddianı təqdim edərkən torpağın koordinatları haqda məlumat olan sənədləri də əlavə etmişdim. Lakin hakim Tahirə Əsədovanın masası üzərində olan qovluqda məhkəməyə təqdim etdiyim sənədlərin böyük əksəriyyəti yoxdur. Mən iddia etmirəm ki, sənədlər Sabunçu Məhkəməsindən oğurlanıb, amma fakt bu idi ki, məhkəməyə təqdim etdiyim sənədlərin əhəmiyyətli hissəsi iş materialları arasından götürülüb. Bunu kim edib, deyə bilmərəm”.

“Məhkəmədən sənədlər necə yox çıxa bilər?”

İddiaçı bu biabırçılıqla bağlı Sabunçu Məhkəməsinin sədrinə də, Ədliyyə Nazirliyinə də məlumat verib və tədbir görülməsini tələb edəcəyini də açıqlayıb: “Ədliyyə naziri Fikrət Məmmədova, Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasova bu haqda rəsmi şəkildə müraciət edəcəyəm. Məhkəmədən sənədlər necə yoxa çıxa bilər? Eyni zamanda məhkəməyə həmin iş qovluğundan yoxa çıxan sənədləri təqdim edəcəyəm”.

“Digər tərəfdən də mülkiyyətçi Xatirə Salahzadədir”

Cavabdeh Salahzadələrin vəkili isə iddiaçının mülkiyyətinin onlar tərəfindən zəbt olunması haqda deyilənlərə etiraz edib. Hakim Tahirə Əsədova iddiaçıya tövsiyə edib ki, iddia ərizəsinə dəyişiklik etsin: “Xatirə Salahzadənin Allahşükür Paşazadənin qızı olması onun da məhkəməyə cəlb olunması üçün əsas deyil axı. Digər tərəfdən də mülkiyyətçi Xatirə Salahzadədir”.

“...Torpağım zəbt edilərək Xatirə Allahşükür qızının adına keçirilib”

Seymur Quliyev isə bildirib ki, bu problemlə əlaqədar illərdir üz tutduğu dövlət orqanlarında hər dəfə məhz Xatirə Salahzadənin deyil, onun atasının, qayınatasının adını eşidir: “Düzdür, torpağım zəbt edilərək Xatirə Allahşükür qızının adına keçirilib. Amma zəbt edən bilavasitə şəxsən özü deyil axı... ”

İddiaçı Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə (indiki Qələbə) küçəsi, 21-ci döngədə yerləşən və ona məxsus olan 2 saylı evin və torpağının boşaldılması, dağıdılmış daşınmaz əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, bağ sahəsinə gedən yolun açılması, torpaq üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının götürülməsi vəzifəsinin cavabdehlərin üzərilərinə qoyulmasını, vurulmuş mənəvi ziyanin 2 milyon manat və maddi zərərin əvəzi kimi (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) üç milyon manat cavabdehlərdən pul tutulmasını istəyir.

Habelə, xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsinə görə beş il ərzində əldə edilmiş 450 min manat, daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalara görə (stol-stullar, mebel, soyuducu, qabyuyan, kondisionerlər, televizor və digər ev əşyaları) 96 min manat təzminat istəyir.

Hakim qərarını iyulun 22-də elan edəcək.

Seymur Quliyevin şikayəti əsasında DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələrilə cinayət işi başlanıb, Qalib Salahzadə dindirilib. İstintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var. Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etdirilsin.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. O vaxtdan da cinayət işinin icraatı dayandırılıb.
“Yeni Müsavat”

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Avqust 2021 (79)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (749)
Aprel 2021 (727)
Mart 2021 (717)

Рейтинг@Mail.ru