Gənclər və İdman Nazirliyində kadr islahatları başlayacaqmı... — Kimlər və nə üçün yola salınmalıdır?

sen-29
18:03 2021

Fərid Qayıbov cəmi 22 gündür Gənclər və İdman naziri vəzifəsinə təyin olunub. Bu qısa müddət ərzində yeni nazirdən əlahiddə addımlar və “korpus” qərarlar gözləmək doğru deyil, ancaq F.Qayıbovun vəzifəyə təyin olunduğu gündən etibarən davamlı görüşlər keçirməsi, gənclər və idman sahəsindəki situasiyanı dərindən dəyərləndirməsi onun yaxın gələcəkdə mühüm qərarlar verəcəyinin mesajıdır. Yeni nazirin iş fəaliyyətini xarakterizə edən əsas xüsusiyyətlərdən biri onun nazirlikdə kadr islahatlarına kor-koranə şəkildə başlamamasıdır.

Bununla belə, F.Qayıbovun müxtəlif federasiya və idman qurğularında keçirdiyi görüşlərdə on illərdir nazirlikdə “betonlaşan” şəxslərdən bir neçəsi gözə dəymədi. Məsələn, 15 ildir nazir müavini vəzifəsini daşıyan İsmayıl İsmayılov yeni nazirin görüşlərində iştirak etməyib. Müsbət tendensiyadır! Bu, nazirliyi köhnələrin “şineli”ndən xilas etmək istiqamətdə atılan pozitiv addımdır. Heç şübhəsiz, İ.İsmayılov “mifi”nin dağıdılması Gənclər və İdman Nazirliyi üçün yeni nəfəslik açacaq. Nazirlikdə köklü islahatlar aparılmalıdır və aparılacaq da! Əks halda ölkənin gənclər və sektoru daha böyük bir bataqlığa yuvarlanacaq.

2006-cı ilin fevral ayının 7-də mərhum Azad Rəhimov Gənclər və İdman naziri vəzifəsinə təyin edilir. Qısa müddət sonra - iyul ayının 5-də isə İ.İsmayılovun nazir müavini postuna təyinatı reallaşır.

Naxçıvan doğumlu İ.İsmayılov həmin dövrdə “Mehdiyev epoxası”nın ən işartılı namizədlərindən biri kimi bu posta gətirilmişdi. O, bundan əvvəl ABTİA-da prorektor vəzifəsində “Mehdiyev klanı”nın gənclər və idman sahəsində əsas forpostu hesab olunurdu.

Odur ki, R.Mehdiyevin təqdimatı əsasında İ.İsmayılovun nazir müavini vəzifəsinə təyinatı gözlənilən idi. Ancaq indi Mehdiyev erası bitib, ölkənin rəsmi dəhlizləri köhnə zehniyyət sahiblərinin addımlarından xilas olub, Prezident İlham Əliyev bütün sahələr üzrə köklü islahatlara başlayıb və yeni inkişaf mrəhələsinə qədəm qoymuşuq. İ.İsmayılovun 15 illik iş fəaliyyətini təhlil etsək, bu müddət ərzində ölkə idmanının “tormozlanması”nda onun “əhəmiyyətli” rolunun şahidi olarıq.

Nazirliyin tender, tikinti və s. əməliyyatlarının pərdəarxası əsas ruporlardan olan İ.İsmayılov özü haqqında mənfi məlumatların yayılmasının qarşısını almağı da bacarıb. Necə deyərlər, o, çoxbilmiş Qumru quşu kimi “radara” düşməkdən yayınmağı peşəkarcasına bacarır. Ölkə idmanının sütunlarının darmadağın edilməsi hesabına İ.İsmayılovun əldə etdiyi səltənət haqqında yazmaq ayrı mövzunun predmetidir.

Ancaq yeni nazir bir məsələni diqqətdə saxlamalıdır: bu şəxslərlə ölkə idmanını dirçəltmək iynə ilə qəbir qazmaq qədər çətin və mümkünsüz olacaq.

Gənclər və İdman Nazirliyində 10 şöbə fəaliyyət göstərir, hər şöbə isə bir neçə sektora bölünür. Nazirliyin rəsmi saytında 17 sektorun fəaliyyət göstərdiyi qeyd olunub. Qurumun rəhbərliyində 1 Aparat rəhbəri (Rüfət Həsənov), 3 nazir müavini (İsmayıl İsmayılov, İntiqam Babayev və Fərhad Hacıyev) təmsil olunur.

Azsiyaset.com 31 avqust 2021-ci il tarixində nazir müavini F.Hacıyev haqqında məqalə ilə çıxış etmişdi. Məqalədə onun hüdudsuz siyasi iddiaları və səmərəsiz fəaliyyətindən bəhs olunurdu. Aparılan müşahidələr göstərir ki, F.Hacıyev nazir müavini postunu sadəcə “bron” etmək üçün tutub və özünün daha böyük iddialarını gerçəkləşdirmək üçün buradan tramplin kimi istifadə etməyi düşünür.

Gənclər və İdman Nazirliyində rəsmi və qeyri-rəsmi qərarların əsas “Surkovu” hesab olunan İntiqam Babayev 21 illik bir dönəmin əsas kripto ismidir.

2000-ci ildən nazir müavini vəzifəsini tutan İ.Babayevin dirijorluğu ilə ölkənin gənclər sektoru tamamilə iflic hala gətirilib. Bu illər ərzində Azərbaycanda yalnız ölkə rəhbərliyinin iradəsi daxilində gənclər sahəsində mühüm addımlar atılıb. İ.Babayevin bütün addımlarının kökündə isə sabotaj amillər dayanıb və “pərdəarxası” oyunların əsas icraçısı kimi, o, ölkə idmanına xeyli sayda qurbanlar bəxş etməyi də bacarıb.

Azərbaycanda heç bir gənclər təşkilatı dövlətçiliyin bir qolu kimi bu sahədə sütuna çevrilə bilmədi.

İ.Babayevin kuratorluğu çərçivəsində (bu məsələdə F.Hacıyevin də payı az deyil) mövsümi və şəxsi ambisiyalara xidmət edən gənclər təşkilatları meydana gəldi. Bu təşkilatlar ya bir neçə şəxsdən ibarət olub, “qrantyeyən maşın”a çevrilib, ya da müxtəlif məmurlara bağlı şəkildə bu və ya digər şəkildə buxarlanıb yoxa çıxıblar.

Ölkədə stabil, ictimai rəyə təsir edən, əhatəli kütləyə sahib olan neçə gənclər təşkilatının adını çəkmək olar?

Sadəcə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə özlərinə fəaliyyət fürsəti qazanan və ənənəvi, “pərçimləmə” üslubunda ortada atılıb-düşən neçə təşkilat var? Və bu təşkilatlar illərdir təkcə Gənclər və İdman Nazirliyindən nə qədər pul “yeyiblər?”

Ümumiyyətlə, bu təşkilatların heç biri niyə böyüməyib? Dövlət gənclər təşkilatı axtaran zaman bu günə qədər əlini atıb yapışmağa, istinad etməyə niyə bircə təşkilat tapmayıb?

Bu ölkədə müxtəlif sahələrdəki biabırçı boşluğu niyə bir şəxsin fundamental fəaliyyəti doldurmalıdır? Dövlət başçısının siyasətinin arxasınca nə qədər gizlənib öz yarasız fəaliyyətininizi ört-basdır edəcəksiniz?

Nazirliyin gənclər profili üzərində 21 ildir öz inzibati-siyasi hökmranlığını qoruyub saxlayan İ.Babayev ölkənin gənclər və idman sahəsinin iflic olmasının əsas səbəbkarlarındandır.

Yeni nazir nərə almalıdır ki, ölkədə əksər gənclər təşkilatları mövsümidir, fərdi maraqlara xidmət edir və sabah dövlət ehtiyac duysa, bu təşkilatların heç biri bufer rolundan çıxış edə bilməyəcək.

Ən dəhşətlisi odur ki, illərdir milyonların, bəlkə də milyardların yatırıldığı gənclər sahəsi dövlətçiliyin sarsılmaz bir qanadı kimi özünü ifadə edə bilmir və belə getsə, bundan sonra da edə bilməyəcək. Odur ki, bu sahədə inqilabi dəyişikliklər qaçılmazdır!

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, hörmətli Çingiz Hüseynzadə sayğı duyulan şəxslərdəndir.

Ancaq göstərilən uzun müddətli etimada əsaslanıb fəaliyyətsizlik nümayiş etdirmək də milli mraqlarımıza cavab vermir. Bəlkə də artıq yaş öz sözünü deyir. Olimpiya Hərəkatndakı səmərəli fəaliyyətinə görə, bu ilin iyul ayının 20-də Çingiz Hüseynzadə 70 yaşı - yubileyi münasibətilə Prezident tərəfindən “Şərəf” odeni ilə də təltif olundu.

Ancaq oturub düşünməliyik: Azərbaycan idmanı getdikcə legionerlərdən, xaricdən gətirilən idmançılardan asılı vəziyyətə gətirilib. Bu vəziyyət nə vaxta qədər davam edəcək? Bəs, idmanı milliləşdirmək? Xərclənən pullar ölkənin idman sütunlarını möhkəmləndirməlidir, yeni məktəblər formalaşdırmalıdır, yoxsa legionerlərə xərclənməlidir? Bizə bu istiqamətdə ölkəyə yatırılan pul lazımdır, yoxsa xaricə daşınan?

Yeni nazir bunu da nəzərə almalıdır: ölkə idmanı milliləşməlidir, legionerlər bizə uzumüddətli qələbə vəd etmir. Bu məsələ ilə bağlı ortaya sağlam fikirlər qoyulmalı və milli konsepsiya hazırlanmalıdır.

Göründüyü kimi, yeni nazirin qarşısında məsuliyyətli məsələlər var.

Ümid edirik ki, yuxarıda adı çəkilən və Nazirliyi xərçəng kimi sarıyan müavinlər vəzifəsindən azad olunacaq, ölkəyə, gənclər sektoruna və idmana daha yararlı şəxslər bu postlara təyinat alacaqlar.

Samir Feyruzov //demokrat.az//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru