“Zakir Qaralovun yüzdən artıq cinayət əməli var…” – Keçmiş müstəntiqdən şok iddialar

dek-07
13:18 2021

13 noyabr 2007-ci ildə Qarabağ İstintaq Əməliyyat Qrupunun müstəntiqi Mirəhməd Abbasov baş prokuror Zakir Qaralova təqrir yazaraq bildirib ki, Azərbaycan ərazisində cinayət törədən 56 erməninin axtarışa verilməsi ilə bağlı məlumat saxtadır. M.Abbasov öz fikrini onunla əsaslandırıb ki, “İnterpol” 2006-cı ildə onların axtarışının dayandırılması ilə bağlı Azərbaycana rəsmi bildiriş göndərib. Müstəntiq baş prokuroru məlumatlandırıb ki, 3 may 2006-cı ildə Azərbaycan, Ermənistan və “İnterpol” üçrətəfli görüşü Azərbaycanın iştirakdan imtina etdiyi səbəbilə baş tutmadığı üçün, törətdiyi cinayətin miqyasından asılı olmayaraq, Azərbaycanın tələb etdiyi bütün şəxslərin axtarışına qadağa qoyulub. “O zamandan bu günə qədər millətlərarası məsələlərin qızışdırılmasında, o zamankı DQMR-in ərazisində, eləcə də Ermənistanla sərhəd bölgələrdə azərbaycanlı əhaliyə qarşı törədilən cinayətlərdə əli olan heç bir şəxsin axtarışı “İnterpol” tərəfindən aparılmır”, - deyə M.Abbasov baş prokurorun diqqətinə çatdırıb.

Əldə etdiyimiz məlumata əsasən, Zakir Qaralov bu fakta əhəmiyyət vermədiyindən, Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin aşkara çıxarılıb, onlarlar bağlı beynəlxalq müstəvidə hüquqi proses başlatmaq məqsədilə yaradılan Qarabağ Əməliyyat İnstintaq Qrupunun fəaliyyəti faktiki olaraq iflic olub. Buna baxmayaraq, Zakir Qaralov 16 il müddətində, yəni işdən azad olunan günə qədər hər il Prezidentə və xalqa bu haqda yalan informasiya verərək, guya beynəlxalq müstəvidə hüquqi prosedurların davam etdiyini bildirib.

M.Abbasov bildirir ki, Baş Prokurorluq bu cinayətlər üzrə istintaq müddətinin 15-17 il olduğunu bilə-bilə, “İnterpol”a yalnız 2005-ci ildə axtarış sənədləri göndərib. Bu isə o deməkdir ki, 1988-90-cı illərdə törədilən cinayətlərə görə heç bir şəxs haqqında axtarış elan edilməyəcəyi öncədən hesablanıb. Bununla da çoxsaylı insan ölümləri, o sıradan 1 milyondan çox insanın qaçqın düşməsi, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməzi, ölkəyə milyardlarla dollar dəyərində maddi-mənəvi ziyan dəyməsi ilə nəticələnən əməllərə görə faktiki olaraq beynəlxalq müstəvidə heç bir şəxsin cinayəti tanınmayıb.

- Belə aydın olur ki, indiyədək Azərbaycan xalqına qarşı cinayət törədən heç bir erməni faktiki “İnterpol”un axtarışında olmayıb. Sizcə, bu, Zakir Qaralovun vəzifə səhlənkarlığından irəli gəlib, yoxsa burada digər maraqlı qüvvələrin də əli olub?

- Mən bayaq bir söz işlətdim ki, ölkədə əksəriyyət Qarabağın geri qayıdacağına inanmırdı. Onlar öz-özlüyündə Qarabağı Azərbaycan üçün itirilmiş, dəfn edilmiş hesab edirdilər. İndi deyə bilmərəm ki, bu məsələdə əli olanlar Rusiya vasitəsilə Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəli idilər, ya yox. İlham Məmmədov barədə müəyyən şübhələrim var idi ki, o, Rusiyaya bağlıdır. Çünki o, Rusiyada təhsil almışdı. Rusiyada təhsil almışların əksəriyyətinin necə “verbovka” olunduğu hamıya bəlli məsələlərdir. “5-ci kolon” ki, deyirlər, o elə-belə yaranmır. Onların bu gün də sidq-ürəkdən Rusiyaya xidmət etməyə davam etmələrinin səbəbləri var. Ondan imtina edə, xidmətlərinə xitam verə bilməzlər. Dərhal onlara qarşı müəyyən təsirli tədbirlər görülə, onları rüsvay edən müəyyən sənədlər ortaya çıxa bilər. Çox şeylər var, onları bir kənara qoyaq. Burada birinci məqsəd nə ola bilər?... Mən belə başa düşürəm ki, bunlar Qarabağı Azərbaycan üçün itirilmiş, dəfn edilmş sayırdılar. Bəlkə də buna görə, hardasa vaxt itirməyə dəymədiyini və ya hardasa kimlərləsə münasibəti korlamamaq gərəkdiyini hesab edirdilər. Xocalı soyqırımının dərindən istintaqı aparılmış olsa, hadisənin kökü gedib Rusiyaya çıxmalıdır. Bu soyqırımın əsas icraçısı 366-cı motoatıcı batalyon olub. Akt onların vasitəsilə həyata keçirilib. Bizdə olan siyahıda rus zabitləri vardı. Ən əsası isə bizim soyqırıma məruz qalmış insanlarımız, xüsusilə məsum körpələrimiz bu adamlar üçün yad idi. Zakir Qaralovun aldığı tərbiyə türk tərbiyəsi ola bilməzdi. O, bizim milləti sevə bilməzdi.

-Yəni səhlənkarlıqdan söhbət getmir...

-Bu boyda səhlənkarlıq olar? Səhlənkarlıq bir hərəkət ola bilər, diqqətsizlik bir dəfə ola bilər. Birincini görəndə başına vurarlar, ikincini eləməz. Səhlənkarlığın özünəməxsus xüsusiyyətləri var. Bu, 16 il ərzində məqsədli, planlı şəkildə həyata keçirilmiş işdir. 16 il ərzində 98 nəfər barəsində iş qaldırılıb, 74-nü mən sizə izah etdim. 2005-ci ildə tarixlər dəyişdirilib, 1988-91-ci illər çevrilib 2005 edilib, 2007-ci ildən sonra cəmi 24 nəfər barəsində müvafiq qərarlar çıxarılıb, axtarışa verilib. Əgər mən 25 gün ərzində 106 nəfərə müvafiq qərarlar çıxarmağı bacarmışamsa, həmin 26 nəfərlik qrupu ləğv edərdilər, bircə nəfər müstəntiq saxlayardılar. 16 il ərzində bir müstəntiq 3 ayda bir, ildə 4 işə baxsaydı, 16 ya vuranda 60-70 nəfər edir. Halbuki, 26 nəfərlik istintaq qrupu 16 ildə 24 nəfərə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı qəbul edib, axtarış verib. Bu nə deməkdir?

-Deməli, bu siyahı qəsdən belə bir şəkildə tərtib olunub ki, Azərbaycan bu məsələdə irəli addım ata bilməsin, atsa da biabır olsun…

- Əgər o dövr üçün Qarabağ məsələsinin həqiqətən də beynəlxalq güclər tərəfindən sülh yolu ilə nizama salınması prosesi başlansaydı, bu istintaq qrupu qarşısında qoyduğu məqsədə nail olunacağı təqdirdə, ölkəmiz çox böyük nailiyyətlər əldə edə bilərdi. Sübutlar qoyardı ki, görün, mənim insanlarıma qarşı hansı soyqırımlar törədilib, onları öz ata-baba yurdlarından didərgin salıblar və s. Bu, sülh yolu ilə nizama salınma olardı.

İkincisi, hansı ki, mən 2008-ci ildən göstərirdim, əgər təqdim etdiyim təklif üzrə istintaq aparılmış olsaydı… Həm də çox sadə formula vermişdim, əvvəl soyqırımlar üzrə - Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Kərkicahan üzrə işləri ayırardım… O dövrdə keçmiş “Dağlıq Qarabağ” deyilən qurumda yaşamış ermənilərdən kişi cinsinə aid olanlar 15 yaşından 80 yaşına qədər hamısı öz ərazilərində təşkil olunmuş silahlı quldur dəstələrinin üzvləri idilər. Onlardan hansı bu işdə iştirak etməsəydi, onu öldürərdilər. Mən bu materiallarla işləmişəm, bunları gözəl bilirəm. Çox sadə bir formula: soyqırımların epizodları üzrə ayrı istintaq aparmaq və bu işləri hər bir kənd, qəsəbə, şəhər, rayon üzrə qruplaşdırmaq lazım idi. O ərazilərdə törədilmiş cinayət işlərinin, cinayət hadisələrinin hamısını ümumiləşdirib, orada yaşamış ermənilərin şəxsiyyətləri müəyyən olunandan sonra, bizdən də orada sağ qalan şəxslərdən ifadələr alınmaqla, həmin o quldur dəstələrinin əsl üzvlərinə cinayət işi açmaq mümkün olardı. “Əsl” deyəndə, hamısı əsl üzvləri idi, çünki Qaradağlı müsibətindən əvvəl, hansı ki, 119 nəfərimizi əsir götürüb, 80 nəfəri silos quyusuna doldurub diri-diri öldürmüşdülər, həmin faktı Zakir Qaralov açılmağa qoymamışdı. Analoji fakt üzrə 197 nəfər barəsində ittiham hazır idi. O epizoddan 6 ay əvvəl Qaradağlı fermasında işləyən 6 nəfər bədbəxt azərbaycanlını ermənilər yandırmışdı. Onların içində qadın da, kişi də var idi. Həmin o sistem üzrə başqa cinayət işində olan ermənilərin siyahısı ilə bu cinayət işində olan ermənilərin siyahısını götürüb, müqayisəli şəkildə tutuşduraraq, onların artıq təsdiq olunmuş dəqiq məlumatları ilə 17 erməninin şəxsiyyətini müəyyən etdim. Həmin 6 nəfər azərbaycanlının ölümünə görə, onların hamısı barəsində təqsirləndirilən şəsx qismində cəlbetmə və axtarış qərarını verdim. Bunun üçün bir az işləmək lazım idi. Sadəcə olaraq işləmək və istintaq vəzifəsini yerinə yetirmək. İstintaq bir vəzifə deyil, o bir sənətdir. Bir az da ağır, diqqət tələb edən sənətdir. Ola bilsin, hər adam prokuror işləyə bilər, amma hər adam müstəntiq işləyə bilməz.

Bunları təşkil edib, böyük həcmli işləri həyata keçirmək üçün ilk növbədə ona daxildə istək, ürək yanğısı lazımdır. O işə bağlılıq lazımdır. Dövlətə bağlılıq lazımdır. Lakin bunlar tamam başqa oyunlar oynayırdılar. Ən əsası isə baş prokuror olan şəxs bir dəfə də soruşmadı ki, bu 16 il ərzində, 2003-dən 2020-ci ilin noyabrına kimi 24 nəfərə görə milyonlarla pul xərclənib? Bunun üçün 26 nəfərlik istintaq qrupu saxlanılıb? Adi bir vətəndaş bir obyekt işlətsin, ziyan çəksə, o obyekti işləməyə qoyar? Bəs Zakir Qaralov niyə soruşmurdu ki, 24 nəfər nə deməkdir? Bu işi 16 ilə bir müstəntiq aparsaydı, ən azı utandığından ayda heç olmasa bir nəfərə axtarış qərarı verərdi. İlə 12 nəfər, 10 ilə 120-200 nəfər edir. Tək bir müstəntiq olsaydı, bunu edərdi.

-Demək, Azərbaycana mənəvi zərər vurmaqla kifayətlənməyib, həm də maddi ziyan vurublar…

- “Maddi zərər” demişkən, Zakir Qaralovun Azərbaycan xalqına, dövlətinə vurduğu maddi ziyanları qoyaq bir tərəfə, o bizim prokurorluq əməkdaşlarına 10 milyonlarla ziyan vurub.

-Hansı şəkildə?

-Çox sadə. Deməli, keçmiş baş prokuror onlarla vətənpərvər və peşəkar prokurorluq əməkdaşlarını “ştat ixtisarı” adı altında 3 ay əvəzinə, illərlə sərəncamda saxlayıb. Konstitusiyanın 35-ci maddəsinin 6-cı bəndi, prokurorluq haqda qanunun 33-cü maddəsinin 14-cü bəndi, prokurorluq orqanlarında qulluq keçmə haqda qanunun 12-ci maddəsi, prokurorluq orqanlarında qulluqkeçmə haqqında qanunun 26.1 və 26.1.6 maddəsinə, həmçinin əmək qanunvericiliyinin bir sıra normalarına, tələblərinə əsasən ştat ixtisarı ilə bağlı işçilər işəgötürən tərəfindən yalnız 3 ayadək müddət ərzində sərəncamda saxlanıla bilər. 3 ayadək müddət bitənə qədər həmin işçinin ya işdə saxlanılması, yaxud da işdən çıxarılması barədə müvafiq əmr verilməlidir. 3 aydan artıq müddətə saxlamaq olmaz. Bu neylədi? Prokurorluq əməkdaşlarının, həm də 15-20 il stajı olanların, hansı ki, hökmən türk millətindən olmalıdır, yəni kimin atası da, anası da türkdür, qanı qarışıq deyil, Azərbaycanda oxuyub, Rusiya və ya digər yerdə oxumayıb, ailəsində qarışığı yoxdur (onların hər birinə görə cavabdehəm), siyahı qaldırılsın, yoxlanılsın, ədliyyə mayoru, ədliyyə podpolkovniki, ədliyyə polkovnikini illərlə sərəncamda saxlayıb. Misal üçün, elə mənim özümü 5 il 6 gün sərəncamda saxlayıb.

- Nəyə görə?

- O, baş prokuror təyin olunandan az sonra - 11.09.2000-ci il tarixdə buna raport yazdım… Çünki sentyabr ayının əvvəlində bir əmrlə 64 nəfər peşəkar prokurorluq əməkdaşını işdən azad etdi. Heç bir səbəb də göstərmədi. Onun içində 2 hüquq elmləri doktoru, 4 hüquq elmləri namizədi, 2 ədliyyə generalı, 20-dən çox ədliyyə polkovniki, 30-dan çox ədliyyə podpolkovniki, prokurorluq orqanlarında təcrübəsi olan və yalnız türk olanlar var idi, hansı ki, öz sözü olan və peşəkarlar idilər. Bu, prokurorluq orqanlarında qara bir səhifə idi. Mən buna dözmədim, götürüb yazdım ki, prokurorluq orqanlarının düşdüyü vəziyyət özünü doğrultmur. Bu da məni yoxlatdı. Hansı ki, o, gələnə qədər mən 15 il işləmişdim. Məlum oldu ki, 15 ildə 8 dəfə mükafatlandırılmışam. Dövlətə 100 milyon manatdan çox real xeyir vermişəm. Apardığım istintaqlardan bir dənə də olsun mənim işim məhkəmədən geri qayıtmamışdı. Hamısı da öz təsdiqini tapıb. Sonda da yazdı ki, işlə təmin olunmalıdır. Bunun nəticəsində məni dərhal işlə təmin etməli idi. Başqa şeyə gücü çatmadı, götürdü məni 5 il 6 gün sərəncamda saxladı. Və mənim kimi onlarla əməkdaşı sərəncamda saxladı. Sonra həmin prokurorluq əməkdaşlarını sərəncamda saxladığı müddətdə onların aylıq əməkhaqqlarını, məzuniyyət haqlarını, onlara müalicə ilə bağlı ayrılan pulları (prokurorluq orqanlarında qulluqkeçmə haqda qanunun 20.9-cu maddəsində nəzərdə tutulur ki, bir ildə iki aylıq maaş həcmində onlara müavinət verilməlidir), üstəgəl 21.4-cü maddədə nəzərdə tutulana görə, ən azı iki maaş həcmində maddi yardım qismində verilməli olan pulları mənimsədi. Əvəzində yüksək vəzifədə olan məmurların saxta diplomlu qohum-əqrabalarını, həmin o məmurların polisdə xidmət edən 55 yaşı tamam olmuş sahə müvəkkillərini prokurorluğa işə qəbul etdi. 15-20-25 il prokurorluqda peşəkar şəkildə xidmət etmiş şəxslər sərəncamda qala-qala, qeyri-peşəkarları prokurorluğa işə qəbul etdi. Hətta Kamçatkada sərxoşları ayıltma məntəqəsində xidmət edib, 55 yaşı tamam olan şəxsi prokurorluq orqanlarına işə götürüb, onun 60 yaşı tamam olanda bu şəxslərə yenidən pensiya təmin etdi. Bizdə 60 yaşı olan adam təqaüdə çıxır. Yəni bu saxta diplomlu adamlar 55 yaşında polis işçisi kimi pensiyaya çıxıb, 5 il də prokurorluqda küllənir, 60 yaşı tamam olanda artıq prokurorluq işçisi kimi təqaüdə çıxır. Zakir Qaralov bu şəxsləri götürüb birbaşa rayon prokurorluq orqanlarında yerləşdirsəydi, böyük söz-söhbət olardı. Çünki hamısı bir-birini tanıyır. Bir sənəd vermək lazım olanda məlum olacaqdı ki, adam yaza bilmir. Böyük biabırçılıq olacaqdı. Qaralov da həmin bu istintaq qrupunu onlar üçün bunkerə çevirmişdi. Onları gətirib burada yerlədirirdi, 5-6 ay, 1 il burada qalırdılar, sonra yeni əmrlə artıq həmin adamları Kamçatkadan sərxoşları ayıltma məntəqəsindən gəlmiş kimi yox, birgə istintaq əməliyyat qrupunun əməkdaşı filankəsov filankəs kimi filan rayona filan işə təyin edilsin deyə həll edirdi. Bu kadr da ağıllı-başlı gedirdi ki, mən filan rayona gedirəm. Daha heç kimin ağlına gəlmirdi ki, İmişli rayonunun sahə müvəkkili ora necə gəlib.

- 26 nəfərlik istintaq qrupu faktiki olaraq soyqırım cinayətlərini törətmiş şəxsləri “İnterpol”un axtarışına verməyibsə, bəs, Zakir Qaralov prezidentə və xalqa hansı sənədlər əsasında yanlış məlumatlar verib?

- Hər il fevralın 26-da "Ana fəryadı" heykəlinin qarşısında millət yığışırdı, ağlaşırdı, o günlər dəhşətli idi. Şükürlər olsun, o bəladan qurtulduq. Zakir Qaralov da müsahibələr verirdi. “İnterpol” bizə qadağa qoymuşdu, amma nəsə çıxış etmək lazım idi. Mənim 206 nəfər erməni barəsində veridyim qərarlardan ilk dəfə Xocalı üzrə axtarış verdiyim 29 nəfər - 2006-cı il oktyabrın 20-dən noyabrın 15-nə qədər cəmi 25 gün mən olmuşam, o tarixlərə qədər Xocalı ilə bağlı bir nəfər də erməni ilə bağlı heç bir axtarış qərarı verilməyib, hamısı yalan ifadələr veriblər -həmin qərarları göndərirlər “İnterpol”un Azərbaycan bürosuna, o qərarları da məktubla qaytarırlar ki, 3 may 2006-cı il tarixdən “İnterpol”un mərkəzi aparatı tərəfindən ermənilərə axtarış verilməsində Azərbaycana qadağa qoyulduğuna görə, bu sənədlər qəbul olmadan geri qaytarılır.

- Yəni faktiki olaraq onlar prezidenti və xalqı aldadıblar.

-Bəli. Bu sənəd də geri qayıdana qədər gedib-gəlməyinə 3-5 gün vaxt qazanılır. Bu 5-6 gün ərzində bunlar da çıxıb jurnalistlərin suallarına ağızları köpüklənə-köpüklənə cavab verirlər ki, bütün ermənilərin hamısını müəyyən etmişik, “İnterpol”a vermişik, az qalıb, gətirəcəklər, biz də qoyacağıq içəri, darıxmayın, hər şey əladır, yüksək səviyyədədir. Dövlət başçısını da aldadırlar, xalqı da aldadırlar. Yalandan saxta məlumatlar verirlər.

-Burada da “5-ci kolon”un rolu vardı?

- Ən böyük rol “5-ci kolon”undur.

-Belə çıxır ki, bu məsələyə Zakir Qaralovla yanaşı, kənar qüvvələrin də təsiri olub…

- Əlbəttə. Qaralovu əksəriyyət o qədər də ağıllı adam kimi tanımır. Bu fenomendir. Zahirən bir cür görünür, hərəkətlərindən isə tam başqa şəkil formalaşır. Mən müəyyən edə bilmirəm ki, bu doğrudan da dahidir, ya onun ağlı tamamilə yerində deyil. Mən bunu müəyyən edə bilmirəm ki, bu qədər şeyləri özbaşına həyata keçirib, ya onu nizmalayan qüvvələr var.

-Yəni kənardan idarə olunmasından söhbət gedir?

-Təbii. Elə təkcə prokurorluq əməkdaşları barəsində törədilmiş işlərin hər birini ayrıca epizod kimi götürsək, Qaralovun yüzdən artıq cinayət əməli var. Mən hüquqşünasam, əlimdə sənəd-sübut olmadan məlumat verə bilmərəm. Biz də insanların içində gəzirik, görürük. Xalq buna "Akkord" şirkətinin baş prokuroru deyirdi. Biz də bilirdik ki, baş prokurorun xidməti binasını “Akkord”un ofisinə çevirib. Şirkətin iş icraçılarına orada tapşırıqlar verirdi. Bunlar hamımızın gözünün qabağında olan şeylər idi.

Bu gün rəsmi sənədlərlə onun kənara qaçıb-çıxacağı yer yoxdur. Mən ancaq ona təəssüf edirəm ki, bü gün hazırkı baş prokurorumuz buna reaksiya vermir. Öz prokurorluq əməkdaşlarımızın törətdiyi bu qədər cinayət əməllərinə, vurduğu bu qədər ziyana, xüsusilə təqaüdçülərimizə vurduğu ziyana baxmayaraq, reaksiya yoxdur.

İkinci dəhşətli şey - bu gün təqaüdə çıxmış keçmiş prokurorluq əmkdaşlarımızın məsələsidir. Təqaüdə çıxmış prokurorluq əməkdaşlarımızın 50 nəfəri bu gün məhkəmələrdədir. Qanunun tələblərinə əsasən, prokurorluqda işləyən vaxtdan onların müalicəsi üçün müavinət və maddi yardım verilməlidir. Amma maddi yardım üçün əməkdaşlara veriləməli olan vəsaitin ən azı 70%-ni mənimsəyiblər. Müalicə puluna gəldikdə isə, kim ölüm ayağında idisə sənəd düzəldib ala bilirdi. Çox vaxt onu da vermirdilər. Belə bir fikir formalaşdırmışdılar ki, guya, o müalicə haqqını almaq üçün sən gərək ölümcül xəstə olmalısan və yaxud hardasa xəstəxanada yatıb, sənəd düzəldib gətirməlisən, sonra verilməlidir. Amma qanunvericilik elə demir. Müalicə haqqı olaraq ildə iki aylıq maaş məbləğində müavinət verilir ki, əməkdaş onu istədiyi vaxt, istədiyi şəkildə, istədiyi formada istifadə etsin. Bunun üçün vacib deyil ki, müalicə olsun. Müavinət sağlamlığı saxlamaq üçün verilir, müalicə üçün yox. Əməkdaş xəstələnib, sonra bərpa olunmalıdır? Olmaz ki, pulu sağlamlığını qorumağa xərcləsin?! Ona görə, qanunvericilik tələb edir ki, o hökmən verilməlidir. Həmçinin maddi yardım. Bunların pulunu verməyib, mənimsədiyinə görə, əməkdaşların pensiyaları ən azı 400 manat aşağı müəyyən olunur, gedirlər məhkəmələrə. 2019-cu ilin martın 1-nə qədər kimlər ki, məhkəmələrə müraciətlər etmişdi, hər üç instansiyadan keçmişdi, Ali məhkəmə də 3-cü instansiya kimi təsdiq edəndən sonra, onların təqaüdlərinə əlavələr oldu. 2019-cu ilin martından bu yana 1-ci, 2-ci instansiyadan qərar, qətnamə almış keçmiş prokurorluq əməkdaşları məhkəmələrin qarşısında qalıblar. Ali məhkəmə buraxmır, saxlayıb. Presedent hüququ var. Məhkəmə təcrübəsində analoji iş üzrə məhkəmənin qərarları varsa, sən eyni qərarı verməlisən. Eyni işə görə müxtəlif qərar vermək olmaz. Bu presedent hüququnun pozulmasıdır. Qalıblar küçələrdə, məhkəmələrin qabağında, ala bilmirlər. Prokurorluqdan təqaüdə çıxmış 202 nəfərin rəsmi təmsilçisiyəm. Bunların pensiya məsələləri ilə hamımız məşğuluq. Bütün dövlət qurumunda çalışan şəxslərin aylıq əmək haqqlarının və həmin qurumlardan təqaüdə çıxmış şəxslərin təqaüdlərinin artırılmasına dair cənab prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamları var ki, 1 sentyabrda hamının maaşları, təqaüdləri artırılsın. Bu böyük bir hadisəydi, hamı da bilirdi. Hamıda 40-50% artırıldı. Ölkə üzrə yeganə artırılmayan qurum yalnız prokurorluq oldu. Qaralov guya bizim dövlətin büdcəsinə qənaət üçün dedi ki, ehtiyac yoxdur.

24 dekabrda prezidentimizin yubileyidir. Həmin gün saat 11-də prokurorluqdan pensiyaya çıxmış təqaüdçülərimiz prokurorluq formasında ən azı iki ədəd güllə Fəxri Xiyabanın qarşısında olacaqlar. İmkan verilsə, müraciətimizi orada təqdim edəcəyik.

- 1-ci Qarabağ müharibəsindən 30 il keçdikdən sonra həmin cinayət işlərini yenidən qaldırmaq və “İnterpol”a göndərmək mümkündürmü?

-Bu cinayətlərə görə cəlbetmə müddətsizdir. Ömürlükdür. 100 il də keçsə, min il də keçsə müddətin keçməsinin bu işə heç bir aidiyyatı yoxdur. Bayaq dediyim kimi, “İnterpol”a axtarışın vaxtında verilməməsi bizi çox böyük “kozır”dan məhrum etdi. Əgər biz heç olmasa mənim təklif etdiyim yolla gedib 3-5 min erməni barəsində cəlbetmə qərarı çıxarıb, axtarış qərarı vermiş olsaydıq, həmin o qərarı götürüb, bu gün həmin “sülhməramlı” qüvvələrə rəsmi müraciət edərdik ki, bu şəxslərin barəsində filan vaxtdan axtarış qərarı var, filan cinayətləri törədiblər, onları bizə verin. İkincisi isə, müasir dövrdə hər cür informasiya vasitələri yüksək səviyyədədir. Gecə-gündüz o siyahı erməni dilində oxunardı, hər bir erməni ailə üzvü ilə birgə ən azı 4 erməni deməkdir. Onlar orda qalmazdılar.

-Bəs, bundan sonra necə etmək lazımdır?

-Çox sadə. Həmin materiallar ki var, onu təcili 5-6 savadlı, təcrübəsi olan müstəntiqləri cəlb edib hazırlamaq lazımdır. O işləri oxuyub, materiallardan o ermənilərin siyahısını çıxarıb, təcili bu gün də etmək olar. Siyahıda ən azı 200-300 nəfər var idi. Xocalı faciəsi ilə bağlı siyahıda 400 nəfərə qədər şəxsin adı var idi. Bu, bizim siyahını min nəfərə çıxararaq, ruslara təzyiq etmək vasitəmiz olardı. Orada erməni qorxusundan qalmazdı. Ailə üzvlərini də götürüb qaçacaqdılar ki, ruslar burada ömürlük deyil, ruslar gedən kimi azərbaycanlılar bizi içəri salacaq. Qarabağda ermənilər dirənib qalmayacaqdılar. Bu, bizə çox böyük üstünlük verəcəkdi, ən azı təzyiq imkanı əldə edəcəkdik. Bizi bundan da məhrum etdilər. //hurriyyet.az//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru