Xəbərlər

“TƏHSİLDƏ İDARƏÇİLİK BƏRBAD VƏZİYYƏTDƏDİR” – “20-30 il işləyən məktəb direktorlarının yerdəyişməsi baş vermir”

may-11
09:20 2022

Bakının Nəsimi rayonunda yerləşən 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbirində iştirak edən şagirdlərin yaxasından Rusiya İmperiyasını simvolizə edən “Georgi lenti”nin asıldığını əks etdirən fotonun yayılmasından sonra Azərbaycanın orta məktəblərindəki vəziyyət, təhsildə idarəetmə, kadrların seçilməsi kimi mövzular yenidən aktuallıq qazanıb. Bu baxımdan, Təhsil Nazirliyindəki mənbənin təhsil sektorundakı vəziyyətlə bağlı «AzPolitika.info»-ya təqdim etdiyi yazı yerinə düşüb. 
Həmin yazını təqdim edirik: 
«Dövlətin təhsil siyasətini şəxsi və qrup maraqlarına qurban vermək olmaz. Təhsillə təhsili bilən, ictimai mənafeni şəxsi mənafedən üstün tutan, gələcəyimizin daha işıqlı olması üçün çalışan adamlar məşğul olmalıdır. Nəinki keçmişi və bugünü qaranlıq adamlar…
Məhz belələrinin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, təhsilimizin, xüsusən ümumi təhsilin nəinki bu günü, sabahı da qaranlıq görünür. Builki buraxılış imtahanlarının nəticələrinin təhlili bir daha göstərir ki, ümumi təhsildə əvvəlki illərə nisbətən geriləmə baş verir.
Bunların səbəblərini əsaslı təhlil edərkən aşağıdakı mənzərə ortaya çıxır:
1) Bir çox məktəblərdə idarəçilik bərbad vəziyyətdədir.
2) Məktəb direktorları və müavinləri 90% halda qeyri-şəffaf və subyektiv amillər əsasında seçildiyi üçün onlara qarşı tələbkarlıq göstərilmir.
3) Şagirdlərin müəyyən tələblər qarşılığında dərsə gəlməməsi, fərdi hazırlığa cəlb olunması kütləvi hal alıb.
4) Fərdi hazırlığa gedən uşaqlar xaric digər şagirdlərə illərlə proqram üzrə dərs keçilmir və ya onlara qarşı tələbkarlıq yoxdur.
5) Bir çox məktəb direktorları dövlət məktəbini özəl kommersiya müəssisəsi kimi idarə edir, daha çox gəlir əldə etmək haqqında düşünür, bu istiqamətdə fəaliyyətini qurur.
6) Məktəblərin gündəlik təminatının ödənilməsi ağır yük kimi valideynlərin üzərinə qoyulur.
7) Məktəbin saxlanılması üçün valideynlərdən ardıcıl olaraq yığılan pullar narazılıq yaradır, müəllim nüfuzu, təhsil sistemi və dövlətin təhsil siyasəti məqsədyönlü şəkildə gözdən salınır. 2017-ci ildə Təhsil Nazirliyi rəhbərliyinin dəstəyi ilə Bakı məktəblərində dünya təcrübəsi əsasında təsis olunan, valideynlərlə məktəblərin şəffaf əməkdaşlığına əsaslanan «Təhsil icmaları»nın yaradılmasının qarşısını alan şəxslər indi də məktəblərdəki yığımların genişlənməsini dəstəkləyirlər. Rəsmi açıq mənbələrə və internet resurslarındakı məlumatlara əsasən həmin dövrdə təkcə Bakı şəhərində 200-ə yaxın məktəbdə «Məktəb icmaları» tətbiq olunubmuş. Sonradan yığımlardan əli çıxan direktorların xahişi əsasında onların o vaxtkı səlahiyyətli xanım himayəçisi bu təsisatın ləğv olunmasına nail olur.
8) Xarici ölkələrdə tətbiq olunan, Azərbaycan təhsil mühitinə yad olan hoqqabaz layihə və proqramların tətbiqi adı ilə təhsil ictimaiyyətinin başı qatılır, qondarma islahatçılıq və yenilikçilik görüntüsü yaradılır.
9) Yeni təyin olunan direktorların bir neçə ildən sonra yeri dəyişdirilsə də, 10, 15, 20, hətta 30 il işləyən məktəb direktorlarının yerdəyişməsi baş vermir.
10) Qocaman direktorları himayə edən, toxunulmaz saxlayan şəxslər bunu yaratdıqları dəqiq maraq mexanizmləri vasitəsilə tənzimləyirlər.
11) Himayədarlıq piramidası bir neçə səlahiyyətli və qeyri-rəsmi şəxslərin əlində cəmləşdiyi üçün təhsil idarəetməsindəki xaotiklik və başıpozuqluq normal işləmək istəyən məktəb direktorlarının da əlini işdən soyudur.
12) Hətta təhsildəki yüksək ali postlardan son dəyişikliklə digər vəzifəyə və ya istefaya gedən bir-iki şəxs bu gün də tam səlahiyyətlə yaratdıqları maraqlar üzərində qurulmuş idarəetməni ümumi təhsilə tətbiq etməkdədir.
13) Onlarca məktəb direktoru və direktor müavinləri bu gün də keçmiş və indi vəzifədə olan himayədarına arxalanaraq məktəbləri intriqa yuvasına çevirib.
14) Yeni yaradılan Regional Təhsil İdarələrinə də eyni maraq və şəxsi münasibətdən irəli gələn qaranlıq təmaslar vasitəsilə rəhbərlər təyin olundu.
15) Sadə müəllim imtahan əsasında işə götürüldüyü halda, Regional Təhsil İdarələrinin rəhbərlərinin subyektiv amillər əsasında təyin olunması da dövlətin kadr siyasətinin prinsipləri ilə uzlaşmır.
16) İllərini təhsilə həsr etmiş təcrübəli təhsil işçilərinin başı üzərinə təhsildən bixəbər, bir sıra hallarda heç cür təhsilə uyğun gəlməyən ixtisas sahiblərinin (Baytar, mühəndis, maliyyəçi, aqrar mütəxəssis və s) rəhbər təyin olunması qeyri-ciddi mühit yaradır.
17) Sorosçular və fetoçuların təhsildə atamanlığının qarşısı alınmalıdır.
18) Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva şəhər məktəblərinin 70 faizində idarəçiliyini itirməyib. Əmisi qızı Zərifə Əliyeva adına liseyin, xalası qızı 20 nömrəli məktəbin, başqa bir qohumu 18 nömrəli məktəbin direktorlarıdır. Və 30-dan çox rəfiqəsini direktor təyin etməyə nail ola bilib.
Azərbaycan ziyalılarını, təhsil təəssübkeşliyi olan hər kəsi şəxsi maraqlarına görə gələcəyimizi nagüman edən təhsil dəllallarına qarşı mübarizə aparmağa, təhsil idarəçiliyində olan və kənarda oturub öz dünya görüşünə uyğun təhsil idarəçiliyi quran şəxslərin ifşasına dəstək verməyə çağırıram».
(İctimaimedia.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru