Xəbərlər

“Zamin Əmlak” şirkətinin direktoru Oqtay Zərbalıyevin cinayəti: Şahid qadın hədələnir, üzləşmə protokolu saxtalaşdırılıb

dek-02
14:17 2022

“Zamin Əmlak” şirkətinin direktoru Oqtay Zərbalıyevin cinayəti: Şahid qadın hədələnir, üzləşmə protokolu saxtalaşdırılıb - MƏHKƏMƏ İŞİ

 Bakıda kirayəyə götürülən evə saxta sənəd düzəltmək istəyən şirkət rəhbəri və tanışı həm özlərinə, həm də başqlarına problem yaradıb. İndi onlardan biri həbsdədir. Mənzili almaq istəyən şəxs isə vəfat edib.

 Musazadə Ramil Ağaddin oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzuq; külli miqdarda törədilikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 Oqtay Zərbalıyev istintaqda üzləşmə zamanı deyib ki, Sücaət Həbibzadədən 100 min pul beh kimi alınıb.

 Oqtay Zərbalıyev “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin rəhbəridir. Oqtay Zərbalıyevlə Ramil Musazadə arasında yaxın münasibət olub.

 Ramil Musazadənin vəkili Gülşən Salmanova işin ədalətli araşdırılmadığını əsas gətirərək Baş Prokurorluğa müraciət edib.

 Vəkil müraciətində göstərir ki, Oqtay Zərbalıyev Ramil Musazadəyə deyib ki, Sücaət Həbibzadədən ona ipoteka ilə ev satmaq məqsədi ilə 100 min pul alıb. Hətta onun xanımına “Zamin Əmlak” tərəfindən qəbz də verib.

 “Oqtay Ramilə ev tapa bilmədiyini deyib, pulu da şəxsi ehtiyaclarına xərcləyib. Sonra da Ramilə deyib ki, kirayədə qaldığı evə saxta sənəd hazırlayaraq Sücaətə satsınlar. Oqtay deyib ki, imkanı yaxşıdır və tezliklə əmlaklarından birini sataraq Sücaətin pulunu qaytaracaq.

 Ramil də həmin ərəfədə Sücaət Həbibzadəni mənzili ona satacağına inandırıb. Buna görə də Sücaət şikayəti məhz Ramildən edib. Amma Oqtay Sücaət Həbibzadədən pulu Ramili tanımasından xeyli müddət əvvəl alıb. Sonra Oqtay da öz əməlini gizlətmək üçün Ramildən istifadə edib.

 Bütün bunları sübut edən faktlar, şahidlər var. Amma istintaq bunlara əhəmiyyət verməyib”.

 Vəkil prokurorluğa müraciətində qeyd edir ki, Ramil Musazadə ilə Oqtay Zərbalıyev arasında üzləşdirmə olub:

 “Oqtay 100 min pulu aldığını etiraf etdi. Həmin üzləşdirmə protokolunu oxumuşam. Amma sonradan həmin üzləşdirmə protokolu dəyişdirildi. Mən isə bu saxtakarlığı təsadüfən öyrəndim.

 Ramil həbs ediləndə məhkəmədə çıxış etdim. Bildirdim ki, Oqtay 100 min manatı aldığını etiraf edir. Hakim dedi ki, Oqtayın belə bir etirafı yoxdur. O zaman öyrəndim ki, protokol dəyişdirilib. İşi araşdıran müstəntiqlərə müraciət etdim. Baş müstəntiq Ruslan Sadıqov dedi ki, iş ona bu şəkildə gəlib. Üzləşdirmə aparan müstəntiq Samir İsmayılov isə dedi ki, iş artıq ondan alınıb. Beləliklə, saxtakarlığı kimin etdiyini müəyyən edə bilmədik”.

Xanım vəkil qeyd edib ki, iş üzrə zərərçəkmiş kimi Sücaət Həbibzadə yox, onun xanımı tanınmalı idi: “Pulu Oqtaya Sücaətin xanımı verib. Amma nədənsə onkoloji xəstə olan Sücaət zərərçəkmiş kimi tanınıb və bir müddət sonra da vəfat edib. Oqtaya verilən pula görə təqdim olunan qəbz Sücaətin xanımının adınadır. Sonradan xanımı mərhum Sücaətin hüquqi varisi kimi tanınıb. İndi də zərərçəkmişin hüquqi varisi pulu Oqtaydan, yəni pulu verdiyi şəxsdən tələb edir”.

Ramil Musazadənin vəkili deyir ki, Oqtay Zərbalıyev müdafiə etdiyi şəxsi aldadıb: “Oqtay Ramilə yalvarıb ki, işi etiraf etsin. Belə olan təqdirdə guya ikisinə də cinayət işi açılmayacaqmış. Ramil də Oqtaya inanıb. Oqtay Ramilə vəd verib ki, ikisi də polis idarəsindən çıxacaq. Amma ifadə verəndən sonra Ramil saxlanılıb. Oqtay isə azadlıqdadır”.

Oqtay Zərbalıyev istintaqda üzləşmə zamanı deyib ki, Sücaət Həbibzadədən 100 min pul beh kimi alınıb.

“Oqtay deyib ki, pul beh kimi alınıb. Amma bu qədər yüksək məbləğin nə üçün beh olaraq alındığını izah edə bilmir. Beh müqaviləsini də təqdim edə bilməyib. Bu qədər pozuntu var, amma araşdırılmır”.

Məhkəmədə dindirilən Oqtay Zərbalıyev vəkil Gülşən Salmanovanın suallarını cavablandırıb.

O.Zərbalıyev deyib ki, mərhum Sücaət Həbibzadədən pul alınıb, amma 1-2 gün sonra qaytarılıb.

Sonra isə O.Zərbalıyev bildirib ki, Sücaət Həbibzadənin ev məsələsi alınmadığı üçün ona kirayə ev tutublar.

Vəkil Gülşən Salmanova Oqtay Zərbalıyevə sual verib ki, bu işdə marağı yox idisə, nə məqsədlə kirayə pulunu öz cibindən ödəyib?

Oqtay Zərbalıyev cavab verib ki, Sücaət Həbibzadə bu işdə onu tanıyıb: “Ramili bizə görə tanıyıb, pul vermişdi. Ona görə də biz kömək üçün kirayə haqqını verdik”.

 Gülşən Salmanova mərhumun yoldaşı, hüquqi varis Rəna Həbibzadəyə sual verərək deyilənlərin doğru olub-olmadığını soruşub.

 Rəna Həbibzadə belə cavab verib: “Oqtay dedi ki, bizə 2 ay möhlət verin. Bizi kirayə evə yerləşdirdi. Dedi ki, evin pulunu qaytaracağıq. Yoldaşımı ora-bura çəkirdi. Deyirdi ki, pul məndədir. Oqtayın işçisi Ramin var. O da dedi ki, pul Oqtaydadır. Oqtayın Şəbnəm adlı bir işçisi var. Mənə dedi ki, Oqtay elə həmin gün sizin pulu yeyib, üstündən də su içib”.

 Gülşən Salmanova vurğulayıb ki, pulu alan şəxs Oqtay olduğu halda müdafiə etdiyi Ramil Musazadə həbsdədir: “Ramil südəmər uşağı ola-ola həbsdədir. Zərərçəkən də deyir ki, pulu Oqtaya vermişəm.

 O, vacib bir məsələni qeyd edib. Oqtay Zərbalıyev 95 mini alıb. Cinayət də elə burada bitib. Bunu Oqtayın özü də deyir. Məhkəmə elə bu ifadəyə qiymət verməlidir.

 Həbs edilən Ramil arvadı ilə, mərhum Şücaət müəllim də öz arvadı ilə notariusa gəlib. Ramilin satdığı evin kupçası olmayıb. Buna görə də Sücaət istəməyib. Notariusa gələnə qədər 100 min manat artıq alınıb”.

 Ramil Musazadə söz alaraq deyib ki, evin sənədinin olmaması işini Oqtay həll etməli imiş: “Razılıq belə idi. Evin sənədinin olmadığını bilirdim. Saxta sənəd işini Oqtay həll edəcəkdi. Evin sənədlərinin saxta olması barədə "102"-yə məlumatı Oqtay verib”.

 Prokuror Ramil Musazadəyə sual verib ki, əgər saxtakarlığı Oqtay edibsə, niyə "102"-yə şikayəti də o edirdi?

 Ramil Musazadə belə cavab verib: “Oqtaygil öz əməllərini gizlətmək üçün bunu edib”.

 Vəkil Gülşən Salmanova deyib ki, pulu alan Oqtay bunu bilərəkdən edib: “Çünki rəhmətlik Sücaət müəllim pulun qaytarılması üçün Oqtaydan şikayət edəcəkdi. Buna görə də Oqtay bu addımı atıb”.

Gülşən Salmanova deyib ki, Oqtay Zərbalıyev və şirkətindən çoxsaylı şikayətlər var və hazırda da araşdırmalar davam edir.

 Zərərçəkmiş Rəna Həbibzadə deyib ki, pulu öz əli ilə Oqtay Zərbalıyevə verib. O, bir ay yarımdan sonra evin başqa şəxsə satıldığını bildirib.

 Ramil Musazadə məhkəmədə satılacaq evə saxta çıxarış hazırlamaq niyyətlərinin olduğunu etiraf edib: “Oqtayın istəyi ilə belə bir saxta sənəd hazırladıq”.

 Zərərçəkmiş Rəna Həbibzadə söyləyib ki, Oqtay Zərbalıyev yalan danışır: “Oqtay deyir ki, pulu mənə qaytarıb. Bizim pulu ay yarım özündə saxlayıb. Əgər pulu qaytarıbsa, niyə təzədən Ramilin evini bizə təklif edirdi?”

 Oqtay Zərbaylıyev isə belə söz demədiyini söyləyib.

 Rəna Həbibzadə yenə Oqtay Zərbalıyevin yalan danışdığını deyib: “Pulu əlimlə vermişəm. Oqtay pulu alanda bilmirdi nə etsin. Mənə çay, kofe gətizdirirdi”.

 Prosesdə əsas şahidlərdən olan Oqtay Zərbalıyevin işçisi olmuş Şəbnəm M. ifadə verib:

 O, ifadəsi ilə keçmiş müdiri Oqtay Zərbalıyevi ifşa edib: “Onu dəqiq bilirəm ki, burada zərərçəkən bir nəfər var o da Rəna xanımdır. Rəhmətlik Sücaət kişi deyirdi ki, Oqtayda 100 min pulu var. Rəhmətlik Şücaət Oqtaya pulu Ramilin evinə görə yox, başqa bir ev məsələsinə görə verib.

 Mən sadəcə şirkətdə satılan evə görə 500 manata qədər pul almışam. Mən heç bir sənədləşmə, alqı-satqı ilə məşğul olmamışam. Məni günahlandırmaq istəyirdilər. Sücaət kişi ofisə gəldi. Əlini Qurani Kərimə basıb dedi ki, mən Şəbnəmə pul verməmişəm. Sücaət kişinin yanında iki qız var idi. O uşaqlar indi yetim qalıb. Yetimlərin haqqını heç kim yeyə bilməz.

 Mən sadəcə evi göstərmişəm. Heç bir işdə iştirakım olmayıb. Mən bura iki xəstə uşağımı qoyub gəlmişəm. Bu günə qədər dəfələrlə hədələnmişəm. Oqtay mənə zəng edib deyir ki, evi sən göstərmisən, səni tutacaqlar. Gecə-gündüz zəng edirdilər. Buna görə həyat yoldaşım məni dəfələrlə döyüb ki, bu zəng edənlər kimdir?

 Burada aydın olan bir məsələ var. Mən də bu sözləri Sücaət müəllimin sözlərinə əsasən deyirəm. Sücaət müəllim mənə dedi ki, pulu Oqtaya vermişəm.

 Oqtayın köməkçisi Ramin Nağdalıyev var. Onlar alqı-satqıya getmişdilər. Notariusda İradə xanım dedi ki, əgər alqı-satqı varsa, ilkin ödənişi, yəni 100 mini ortaya qoyun. Ramil də dedi ki, pulumu verin, sonra alqı-satqı edək. Ramil Nağdəliyev dedi ki, pul mənim cibimdədir, amma pulu vermədi. Ona görə də alqı-satqı olmadı. Mən də Ramil Nağdəliyevə dedim ki, sən niyə ortalığa düşmüsən? Ramil Nağdəliyev mənə əl-qol atdı. Mənim də epilepsiyam var. Orada halın pisləşdi”.

 Prokuror sual edib ki, Şəbnəm M. istintaqda niyə belə ifadə verməyib?

 Şəbnəm M. indiki ifadəsinin doğru olduğunu, istintaqdakı ifadəsinin doğru qeydə alınmadığını söyləyib.

 Məhkəmə araşdırması davam edir.

 İlkin Muradov

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru