Azərbaycan işğalçıya elə bir dərs verib ki... - FAKT BUDUR!

fev-20
10:33 2021
Azərbaycan işğalçıya elə bir dərs verib ki... - FAKT BUDUR!


İşğalçı Ermənistanla 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərimizdən 100 gün ötdü. Məhz bu müzəffər qələbə sayəsində 30 illik işğal problemimizi böyük ölçüdə adladıq, xalq olaraq belimizi dikəldərək, “məğlubiyyət kompleksi”ndən qurtulduq. Eyni zamanda, Ermənistanı işğalçı yarlığından xilas elədik, ona barışıq və əməkdaşlıq əli uzatdıq. Ancaq buna görə bizə minnətdar olmaq əvəzinə, xain qonşular hələ də bizi “işğalçılıqda” suçlayırlar. Belə çıxır ki, özümüz öz ərazimizi işğal eləmişik. Əndazə tanımayan ənənəvi erməni həyasızlığı yəni.

Hazırda qonşu ölkədə avantürist qüvvələrin, millətin başında getməyə iddialı olanların hakimiyyətə qarşı üç aydır istifadə elədiyi əsas tezis budur. Yenə bədbəxt ermənilərə acı gerçək əvəzinə, şirin yalanlar yedizdirilir. Rüsvayçı müharibənin barıtı havadan tam çəkilmədiyi, ərazilərimiz işğalçı leşlərindən təmizlənib qurtarmadığı bir zamanda “Müharibəni erməni xalqı, erməni ordusu yox, Paşinyan və komandası uduzub” kimi misilsiz riyakarlıqla sadə ermənilər növbəti dəfə müharibəyə hazırlanır, sülhə hazırlanmaq əvəzinə...

*****

Bu gün Ermənistanda özəyini revanşist-daşnakların, nüfuzdan düşmüş Qarabağ klanı tərəfdarlarının təşkil elədiyi müxalifət düşərgəsi “satqın” adlandırdıqları Nikol Paşinyanı baş nazir kürsüsündən yıxmaq üçün növbəti cəhdini edəcək. İrəvanda kütləvi etiraz aksiyası nəzərdə tutulur. Məlumatlara görə, Paşinyana hətta sui-qəsd ola bilər.

Halbuki ittiham hədəfi olan Nikol Paşinyanın nəyi, kimə satdığı məlum deyil. Əgər söhbət Azərbaycanın azad elədiyi ərazilərdən gedirsə, nə həmin ərazilərin, nə də ümumən Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən, Ermənistana heç bir dəxli yoxdur. Olmayacaq da. Üstəgəl, Azərbaycan Ordusu Ermənistan ərazisinə girməyib.

“Satqın” o rəhbərə deyilir ki, öz xalqının hansısa dəyərli, satılmayan bir şeyini kiməsə satır və bəzən nəyinsə qarşılığında. Erməni xalqı isə 44 günlük müharibədə ona məxsus olan heç nəyi itirməyib. Yalnızca on illər ərzində qamarladığı haram tikədən - yad torpaqlardan və onların vəhşicəsinə istismarından əldə elədiyi qazancdan məhrum olub. Hakimiyyətdə Paşinyan deyil, Pişikyan da olsaydı, nəticə eyni olacaqdı. Çünki Azərbaycan, onun xalqı və dövləti sonsuzadək erməni işğalı ilə barışmaq niyyətində deyildi, olmayıb da.

Əgər beynəlxalq birlik, vassal ölkənin və vassal xalqın 1 nömrəli müttəfiq-qarantı Rusiya da artıq bunu belə qəbul edibsə, Azərbaycanın halal qələbəsini etiraf edibsə, o zaman kapitulyasiyanı çoxdan haqq edən Ermənistanda nədən 100 gündür havada “satqın” ittihamları “uçur”?! Radikal-revanşsistlərdə heç olmasa, bir azca abır-həya qalıbmı görən? Bütövlükdə məğlub toplum nə vaxt miflərlə deyil, gerçəklə yaşamağa başlayacaq?! Axı zaman indi heç vaxt olmadığı qədər onun ziyanına işləyir...

*****

Diqqət edin, 3 aydır daxildən və xaricdən ağıllı adamlar soyuq məntiqlə Ermənistana, onun cəmiyyətinə çağırışlar edir, onu doğru yola səsləyirlər. Müharibənin acı yekunundan nəticə çıxarıb, nəhayət, qonşularla dinc-yanaşı yaşamanın erməni xalıq üçün alternativinin olmadığını permanent şəkildə vurğulayırlar.

Amma cavabında minnətdarlıq əvəzinə, həmin şəxslərə - tanınmış ictimai-siyasi xadimlərə, ekspertlərə həqarətin, qara yaxmaların, “türkə satılıb!” damğasının vurulmasının şahidi oluruq. Qiymətli zaman isə gedir və hələ də miflərlə, saxta tarixə inamla yaşayan erməni xalqını və onun simvolik dövlətini hər gün bir az daha uçuruma yaxınlaşdırır. Özləri bilər...

“Hamı indi Serj Sərkisyanın sayıqlamalarını (Xocalı hərbi canisinin son geniş müsahibəsi nəzərdə tutulur - red.) müzakirə edirkən, Azərbaycan öz lideri İlham Əliyevlə birlikdə möhtəşəm zəfərin 100 gününü qeyd edir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

“Ermənistanın kapitulyasiyasından 100 gün ötür. Buna görə prinsipcə, Qarabağ klanı liderlərinin nə deməsinə diqqət çəkməyə belə dəyməz. Onlar özləri də anlamadan özləri üçün hökm yazırlar. Həmin bu Sərkisyan əslində ermənilərin dinc Azərbaycan şəhərlərinə qəsdən raket zərbələri endirdiyini etiraf edib. Düşünürəm ki, bu bəyanatlara beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymət veriləcək”, - deyə rusiyalı politoloq vurğulayıb və əlavə edib: “Qələbənin 100 günü 100 ilə çevriləcək və Ermənistan heç bir revanşı görməyəcək. Ermənistan revanşı unutmalı, müstəsna olaraq sülh barədə düşünməlidir. Əks təqdirdə, Ermənistan və ermənilər üçün daha pis olacaq”.

Başqa sözlə, erməni xalqı yenə də avantüristlərin, Türkə nifrəti heç vaxt azalmaq bilməyən xaricdəki erməni lobbisinin, qisasçı-təxribatçıların ardınca gedərsə, hətta hazırkı miskin durumuna da şükür eləməli olacaq. Necə ki, 30 il “miatsum” nağıllarına qulaq asa-asa, “çox”u tələb edə-edə “az”dan da məhrum oldu.

“Artsax” təxribatı erməni xalqının və Ermənistanın başında çatladı. Ağılları qalıbsa, heç olmasa, bundan sonra “iqzoy” Ermənistan haqda düşünərlər, nəinki “dəmir yumruğun” həsrətini çəkərlər. Ancaq Azərbaycan işğalçıya elə bir dərs verib ki, çətin ki, bir daha başlarını qaldırıb bizə tərəfə baxsınlar...
“Yeni Müsavat”

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (83)
Fevral 2021 (679)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru