Xəbərlər

Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyan LİDER

sen-22
09:00 2022


Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

 

Azərbaycan Respublikasının Ermənistan tərəfindən cəlb olunduğu və cəmi 44 gün davam edən müharibə – İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Son 300 ildə (1722-ci ildə Səfəvilərin işğal olunmuş torpaqları geri qaytarması) ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri igid sərkərdəmizin – dövlətimizin başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı.

 

Bundan sonra isə prezidentin və onun silahdaşı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Qarabağın dirçəlişinə start verildi. Bununla belə ermənilər nədənsə başlarının üstündəki dəmir yumruğu unutmaq həvəsinə düşdülər.

 

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini, eyni zamanda, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. İşğalçı və məğlub Ermənistan bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında, müraciətlərində bu bəyanatı səsləndirir ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırırdı. Ermənistanda revanşist abı-hava qızışdırılırdı, “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s. bu kimi iddialar süni şəkildə stimullaşdırılırdı.

 

Ermənistan hakimiyyəti ordunu bərpa etmək istiqamətində iş aparırdı, Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparılırdı. Paralel olaraq Qarabağa hərbçilər və silah göndərilirdi, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.

 

Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin  Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır.

 

Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi,  200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda  hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var.

 

Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.

 

2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu gün isə Azərbaycan əsgəri Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində  Ermənistanın təxribatlarına layiqli cavab verir. Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.

 

Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 19 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Beləliklə, müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur. İsbata ehtiyacı yoxdur.


Arzu BAĞIROVA,

Regional Hüquqi və İqtisadi Maarifləndirmə  İctimai Birliyinin sədri

İdeologiya.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru