Azərbaycan səfirlikləri təhlükə ilə ÜZ-ÜZƏ

“Diplomatik nümayəndəliklərə, səfirliklərə hücum “qırmızı xətti” keçmək deməkdir”.
Bunu politoloq, keçmiş diplomat Fikrət Sadıqov Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum edən şəxslərin məsuliyyətə cəlb olunmamasından danışarkən deyib.
Sonuncu hadisənin ABŞ-da baş verdiyini deyən politoloqun sözlərinə görə, Amerika, Fransa və Böyük Briyaniya səfirliklərimizə hücumu araşdırmalı, hadisəni törədən şəxsləri cəzalandırmalıdır. Bu, hər üç ölkənin üzərinə götürdüyü öhdəlikdir.
Vaşinqtonda Azərbaycan səfirliyinə məxsus avtomobilin atəşə tutulmasını xatırladan keçmiş diplomat bildirib ki, ermənilər heç zaman terrorçuluqdan əl çəkən deyil:
“Tarixdən bilirik ki, onlar bir sıra terror aktları törədib. Ötən əsrin 70-ci illərində ermənilər türk diplomatlara hücumlar edərək, bir neçəsini öldürüblər. Ermənilər tərəfindən 1980-90-cı illərdə Azərbaycanda da terror hadisələri törədilib. Bu dövrdə gəmilərin, avtobusların və qatarların partladılması onların terrorçu fəaliyyəti ilə bağlı olub. Ermənilərin bu gün də terrorçuluqla məşğul olması təəccüblü deyil”.
Onun sözlərinə görə, diqqətçəkən məqam hadisələrin törədildiyi yerlərin aparıcı ölkələrə məxsus olmasıdır:
“Londonda, Parisdə, Vaşinqtonda bu tip hadisələrin baş verməsi bizim hiddətimizə səbəb olur. Bu o deməkdir ki, hadisə baş verən ölkələrin hökumətləri diplomatik əlaqələrlə bağlı Vyana Konvensiyasına zidd addımlar atır. Bu, yolverilməz faktdır. Təbii ki, biz bununla bağlı öz şikayətimizi bildirdik. Lakin onların məsələ ilə bağlı atdığı addımlar bizi hələ də qane etmir. Biz istəyirik ki, səfirliklərin binaları, səfirlərin özləri kifayət qədər diqqətlə qorunsun”.
F.Sadıqov vurğulayıb ki, məlum hadisələrə həmin ölkələrin – ABŞ, Fransa və Böyük Britaniyanın hökumətləri şərait yaradır:
“Həmin ölkələrin bu hücumlara birbaşa dəstək verdiyini demək çətindir. Ancaq dolayı yolla hadisələrə şərait yaratdıqlarını deyə bilərik. Aidiyyati qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdır. Əgər səfirliklərimiz kifayət qədər qorunsa, belə hücum cəhdləri baş verməz. Təxribatçılar istəklərinə nail ola bilməzlər. Biz isə görürük ki, rahatlıqla səfirliklərimizə qarşı təxribatlar törədirlər”.
Sabiq diplomatın fikrincə, xaricdə baş verənlərlə bağlı özümüz də ciddi addımlar atmalıyıq:
“Hadisənin baş verdiyi ölkələrlə bir yerdə addımlar atmalıyıq. Səfirliklərin etibarlı şəkildə qorunmasını ciddi şəkildə tələb etməliyik. Müdafiəni təşkil edən polislərin sayının artırılması, qoruyucu cihazların yerləşdirilməsi və yerli hökumətlər tərəfindən vaxtaşırı bu cihazların yoxlanılması, səfirliklərimizlə daimi əlaqə gələcəkdə belə halların qarşısını ala bilər. Bu addımlar mütləq atılmalıdır”.
Qeyd edək ki, rəsmi Bakı Azərbaycan səfirliklərinin hücuma məruz qalmasına etirazını bildirərək, ABŞ, Britaniya və Fransana çağırış edərək, cinayətkarların tapılmasını tələb etmişdi. Məlum hadisələrdən bir müddət keçməsinə baxmayaraq, hələ də ciddi şəkildə istintaq aparılmayıb.