Milli Cəbhə Partiyası Iranda Azərbaycan səfirliyinə qarşı terroru LƏNƏTLƏYİR
Milli Cəbhə Partiyası (MCP) bəyan edir ki, İrandakı Azərbaycan səfirliyinə qarşı hücum dövlətimizə qarşı olmaqla yanaşı eyni zamanda bütün İslam dünyasına hücumdur. İran rejimi bütün qonşuluq ənənələrinə, beynəlxalq hüquqa, İslam dəyərlərinə qarşı gələrək Azərbaycana qarşı uzun müddətli təxribatlar törədərək bu kimi hadisələrə yol açdı. Şübhəsiz ki, hadisə araşdırılmalı, cinayətkarların arxasında duran fiqurlar müəyyən edilib cəzalanmalıdırlar.
Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra dövlətimizə qarşı İranın təxribatları intensiv şəkil alıb.
Özünü İslam dövləti hesab edən bir ölkədə səfirliyimizə hücum, bir qədər əvvəl də Britaniya səfirliyinə edilən hücumun davamı kimi qiymətləndirilməlidir.
Milli Cəbhə Partiyası olaraq bu mənfur əməli qətiyyətlə pisləyir, lənətləyirik.
Hesab edirik ki, İran hakimiyyəti bu hadisənin törədilməsində öz məsuliyyətini hiss etməli və cavab verməlidir.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev də bu mənfur hadisəni lənətləyərək bildirib ki, bu terrora səbəb İran rəsmilərinin Azərbaycana qarşı püskürdüyü nifrətdir.