TAROVLUDA YER ADLARI...
✍🏻 Elşad Eyvazov yazır.
Zəngəzur mahalı Qubadlı rayonunun Tarovlu kəndinin yer adları Götürgə–Qubadlı-çayzəmi yolundan Tarovluya ayrılan yol Götürgə deyilən yoxuşdan enirdi. Bu yol qoşa saqqızlı ağacların yanından keçirdi, beş-altı hektarlıq münbit ərazilərdə taxıl əkilirdi.Çala daşlar-kəndin başlanğıcında yerləşir. Əvvəllər burada taxıl əkilərdi, sonralarsa orada şəxsi təsərrüfatlar yaradıldı. Tarverdi dərəsi-kəndin əsasını qoyan Taro kişininadı ilə bağlıdır. Kəndin girəcəyinin sağ tərəfində Əhmədalı yalının ətəyində yerləşir. Bu ərazi güney tərəf sayılır.Kənddə yeni tikilən məktəb və müasir mağaza burada yerləşirdi. Ağ bellər adlanan yer Korjalanlı, Qubadlı rayon mərkəzi, Dəmirçilər kəndi və Xocamsaxlı kəndlərinin ərazisi ilə həmsərhəd idi. Qırxbeş-Əlli hektardan ibarət əkin yeridir. Orada bir neçə saqqız ağacı vardı. Haça yeri-Ağbellər ərazisi və Yuxarı Xocamsaxlı ilə Qara qaya arasında yerləşirdi. İki hektar əkin sahəsinə malikdi. XVIII əsrin əvvəllərində orada Haça kəndi adlanan bir yaşayış məskəni varmış. Alırzayeri-Sudaşları, Darıyeri Göydöşün ətəyində yerləşirdi. Böyük, yaşı bilinməyən palıd və armud ağacları vardı. Yolarası-keçmiş ticarət karvanın yolu keçən ərazi olaraq Ərik bağına bitişik idi. Eyvaz yeri isə Darıyeri ilə Məsdərlərin arasında yerləşirdi. Darıyeri Kərt dağının ətəyində Rüstəm yerinə bitişik idi. Yal yuxarı Bilgar və Nəbi öldürülən daş, Kəsbəl yeri arasındakı ərazi idi. Nəhəng palıd və armud ağacları (o cümlədən, bir ədəd daş armudu) vardı. Göydöş Ağbellər və Qoşa saqqızlar arasında yerləşirdi. XVIII əsrin əvvələrində burda bir kənd olub. Alaquşdağı Gödəkdərə ilə Muradın daşı ərazisi deyilən yer olub. Qismən pöhrəlik idi. Xoruzpiri Kərt dağının ətəyində Ağa çayının böyük bir göl əmələ gətirdiyi ərazi idi ki, kəndin cavanları yay dövründə bu gölə çimməyə gedərdi, (Kəmərələr qayasının ətəyində). O yerlər Tarovlu kəndinin əsas taxılçılıq mərkəzi sayılırdı. Bu ərazilər əvvəllər meşəlik və qaratikan kollarından ibarət olub, sonralar ərazi bu kollardan təmizlənib.
Məsdərlər sıx meşəlikdən ibarət olub, sovetlər dönəmində, daha da dəqiq desək, 1979-1982–ci illərdə tarixin qan yaddaşı olan nəhəng ağaclar məhv edilmişdir. Təndir Qızıl qayanın ətəyində yerləşirdi, ərazinin bir hissəsi Çardaxlı kəndinə məxsus idi. Tarovlu kəndinin payına iki hektara yaxın ərazi düşürdü. Burada əsasən taxıl əkilirdi. Məmi dərəsi Zeyvə kəndinə gedən yolun üstündə yerləşirdi. Bu ərazi kəndin örüş və otlaq sahələrindən biri idi. Ərazi qismən pöhrəlik təşkil edən balaca ağaclardan ibarətdir. Pişik dərəsi Şüş dağın ətəyində yerləşirdi. Bu ərazi güney tərəf sayılırdı. Əsasən bura qaratikan kolları ilə örtülü olurdu. Qış aylarında kəndin mal-qarası burada otarılardı. Kolavat Məmi dərəsinin sol tərəfində yerləşirdi. İki hektara yaxın ərazidə əvvəllər taxıl, sonralar isə kartof əkilirdi. Bu bitkilər dəmyə, yəni suvarılmadan becərilərdi. Gödəkdərə Qubadlıdan Qafan və Gorus tərəflərə gedən maşın yolunun kənarı adlanırdı. Eyni zamanda, qonşu Çardaxlıya, Əyinə, Cibikli və Xələc kəndlərinə gedən yol da burdan keçirdi. Gödək dərə böyük ərazi idi, ancaq onun üç hektar ərazisi Tarovlu kəndinin payına düşürdü. Kəpri yal ərik bağının sağ tərəfi sayılırdı. Burada Tarovlu kəndinə məxsus şəxsi evlər yerləşirdi. Taxta yeri Kəpri yalın sağ quzey hissəsi sayılırdı. Burada əvvəllər taxıl əkilərdi, son vaxtlar kənddə təsərrüfatlar artdıqca, şəxsi təsərrüfatlar qurulmuşdu. Kərt dağının ətəyində-Ağtorpaq deyilən yerdə zəngin təbaşir ehtiyatları aşkar edilmişdi. Oranın ağ torpaqlarından çəltik döyərkən lingin altına atardılar. Qızılqaya Tarovlu və Çardaxlı arasında üç kilometrlik bir məsafədə yerləşirdi. Qayanın hündür yeri yüz iyirmi metr olardı. Qaya üç tərəfdən sıldırımlı dağlarla əhatələnmişdi.
Yalnız arxa tərəfdən-Pəhyan düzündən, Çardaxlı tərəfdən qayanın başına çıxmaq olardı. Bu cür əlçatmaz qayanın hündür kahalarında bal arıları bütün il boyu yuva qurardı. Bəzi illərdə dağın sıldırımlarında qurulan arı pətəklərindən bal axardı. Kərt dağı Ermənistanla sərhəddən başlayaraq Yuxarı Xocamsaxlı kəndinə doğru bir neçə kilometr uzanırdı. Hündürlüyü min beş yüz metr olardı. Orada yerləşən sıx meşəliklərdə zoğal, alça, qaragilə, əzgil, palıd, ulas (vələsi), vən ağacları üstünlük təşkil edirdi. Kərt dağının zirvəsinin eni beş yüz-altı yüz metr, uzunluğu isə bir tam onda səkkiz kilometr olan əkin sahəsində arpa, ya da buğda əkilərdi. Bu dağın üstünə yalnız Xanəyə ərazidən çıxmaq mümkün idi. Sarı yoxuş beş yüz metrlik bir ərazini əhatə edirdi. Hündürlüyü altmış metr olardı. Torpağın rəngi sarıya çalardı. Yağış yağanda möhkəm palçıq olardı. Sarıyoxuş Çardaxlı kəndi ilə Tarovlu sərhəddində yerləşirdi. Qış fəslində həmin yol çox təhlükəli olardı. Yal yuxarı isə Zeyvə kəndinə yaxın bir ərazidə yerləşirdi. Əkin sahəsində peyvənd armud və palıd ağacları gövdəsinin diametri bəzən bir tam onda səkkiz-iki metrə çatardı. Bu ərazi on hektara yaxın əkin sahəsindən ibarətdir. Sovetlər dönəmində burada Frunze adına kolxozun taxıl xırmanı yerləşirdi. Bilgar iki hektara yaxın əkin sahəsindən ibarətdir. Son dövrlər Tarovlu sakini Oqtay müəllim bu əraziyə su çəkib, keçmiş arxı bərpa edərək təpəni yarıb əlli santimetrlik eni, dörd tam onda beş metr hündürlüyü olan arx vasitəsilə bağ-bostan salmışdı. Bu ərazidə kəndin heç bir sahəsində bitməyən Xarıbülbül gülü bitirdi. Həmin ərazidə qoşa armud ağaclarının ətraflarında sıx və sərt pöhrəlik yerləşirdi. Sərt pöhrənin ətəyində Sənəm düşən gölü yerləşirdi. Bu gölün yaxınlığında fındıq ağaclarının dibində Novruzalı kişinin oğlu Əsgərin həyat yoldaşı, kənddə çoxlarının biş-düşünü bəyənməyən gözəl ana Narış xanımın adını daşıyan bir bulaq vardı. Həmin bulaq yalnız Narış xanıma məxsus idi.
Adını dəfələrlə vurğuladığımız Ərik bağı Kərt dağının ətəklərindən kəndə tərəf beş yüz metrlik bir məsafədə yerləşirdi. Bu ərazidə, adından göründüyü kimi, çoxlu ərik və alma ağacları salınmışdı. Sonralar bu bağ sahəsi kolxoza verildi. Sarı, qırmızımtıl rəngə çalan ərik və yemişə bənzər uzunsov alma ağaclarının meyvələri yetişdikdə ağaclar kolxozun xüsusi komissiyası tərəfindən qiymətləndirilərək kənd əhalisinə satılırdı. Şillanlı Kərt dağının ətəyində yerləşirdi. Bura şillanın vətəni idi. Şillan əsasən ağ ləçəkli qızılgülün meyvəsi sayılırdı.
Bu ərazidə eyni zamanda özünəməxsus ağ qızılgüllər olardı ki, buna da"kələm-qızılgülləri" deyilirdi. Bu güllər kol şəkildə yox, tək-tək, çubuq halında bitər, hündürlüyü otuz-qırx santimetrə çatardı. Şüşdağ kəndə bitişik idi, hündürlüyü min iki yüz metr olardı. Dağa yalnız texniki vasitələrin köməyilə çıxmaq mümkün idi. Bu dağa yalnız “Camal yeri“ ndən qalxmaq mümkündü. Bu dağda cin daşları və tarixi məlum olmayan təvərə daşları deyilən nəhəng qaya təpələri vardı. Bu qayalarda böyük kahalar var idi ki, yaz aylarında güclü yağışlar yağan zaman xırdabuynuzlu heyvanları həmin kahalara yığardılar. Şüşdağı
əsasən güney olduğu üçün orada kəklik çox olardı.Yaz fəslində kəkliklərin qaqqıltısı sanki bir ansambl təşkil edirdi.
Əhmədalı yalı-gödək dərədən başlayaraq çaladaşlara qədər uzanır. Yalın bir tərəfi əkin sahəsi üçün, qalan hissəsi isə örüş yeri üçün əhəmiyyətli idi. Güney hissəsində yazda sarıköynək və alapaxta quşları çox olardı. Bu yerlərdə 1915-1917-ci illərdə ermənilərlə aparılmış döyüş zamanı çoxlu sayda beşatılan tüfənglərin gilizlərini toplamaq
mümkün idi. Quyu bulaq-kəndin girişində Saqqızlı adlanan qayanın ətəyində yerləşir. Uzunluğu bir tam onda üç kilometr olan, əsasən də qaratikan kollarından, tarixi məlum olmayan daş kahalarından ibarətdir və keçilməz burulğan quyuları var. Qara dərə deyilən ərazi Qubadlı–çayzəmi maşın yolunun sağ tərəfində yerləşir.
Bu ərazini bir vaxtlar özlərinə sığınacaq seçən quldurlar savadlı, ziyalı və zəhmət sevən insanlara gücləri çatmadığından pis əməllərini, niyyətlərini həyata keçirmək üçün həmin şəxslərin təsərrüfatlarına, mal-qaralarına xəsarət yetirərdilər. Sonralar kənd əhalisinin köməkliyi sayəsində dövlət orqanları tərəfindən həmin quldurların kimliyi müəyyənləşdirilib cəzalarına çatdırıldı. Onlar İlahi tərəfindən əməllərinin “cavablarını” alırdılar.
Elşad EYVAZOVUN
“Üç dağ qoynunda yatan Tarovlum” kitabından.