Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Minilliklər içərisindən keçib gələn bu bayram tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, öz gözəlliyini və təravətini indi də saxlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf yönümündən baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Novruz həm də xalqımızın birliyinin, milli həmrəyliyinin rəmzidir.
Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin üzərinə böyük vəzifələr düşür. Bu baxımdan ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruz bayramının yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələni xüsusi qeyd etmək olar. Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təziqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramı o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük sevgiylə keçirilməsinə nail olurdu. Qürurla qeyd edirəm ki, məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır. Beləliklədə Novruz bayramı bütün bu təzyiqlərdən, qadağalardan və çətinliklərdən keçərək öz haqqına qovuşmuşdur.
Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan, onun ideya və fikirlərini öz siyasi fəaliyyətində yaşadan cənab Prezident İlham Əliyevin də Novruz bayramına qarşı xüsusi bir münasibəti vardır. Müsətqil Azərbaycan dövlətinin milli bayramı olan Novruz xalqımız tərəfindən indi daha böyük coşqu və təmtəraqla qeyd olunur. Ölkə başçısı cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə xalqı təbrik edir, keçirilən el şənliklərində iştirak edir. Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, artıq Novruz tonqallarımız Şuşada, Ağdamda, Laçında, Qubadlıda və digər işğaldan azad olunan ərazilərimizdə alovlandırılır. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə cansağlığı arzulayıram. Və sonda mən də öz növbəmdə Sizin hamınızı, başda şəhid ailələri olmaqla bütün xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, uzun ömür və səadətlə, məhəbbətlə dolu xoşbəxtlik arzulayıram. Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!
Novruz bayramınız mübarək olsun!
Rüfət Muradov, İmişli rayon İcra Hakimiyyəti başçısı aparatı, İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini