8 Marta pul toplanır, böyüklü-kiçikli hamı əndişədədir - Nazirlik isə deyir ki...

mar-03
12:50 2021


Təhsil Nazirliyi 8 Mart bayramı üçün məktəblərdə pul toplanmasının qarşısını almağa çalışır. Amma necə, hansı yolla? Ənənəvi qaydada. Nazirlik bu dəfə də “Qaynar xətt”ə ümid edir. Lakin illərin təcrübəsi göstərir ki, “Qaynar xətt” heç nəyə yaramır. Yəni el dilində desək, kimsəni yandırıb-yaxmadığı üçün gözünü şagirddən qoparacağı pula dikən üzdəniraq məktəb direktorları onu saya salmır.

Müəllimlərin adını hallandırmamağımızın səbəbi var. Məlumdur ki, məktəblərdə şagirdlərdən toplanan pulların böyük qismi məhz direktorlara çatır. Yaxud, belə ifadə edək; pulun toplanması məktəb direktorlarının tapşırığıdır. Məktəb direktorları pul yığımına göstəriş verir. Müəllim də direktorun tapşırığına əməl edir. Amma hansı məktəbdə ki direktor iradə nümayiş etdirib hər hansı formada pul yığılmasına qarşı sərt mövqe ortaya qoyur, o məktəblərdə şagirdlər də, valideynlər də rahat nəfəs alır və əsl müəllimləri öyməkdən çəkinmirlər.

Sosial şəbəkələrdə 8 mart yığımı ilə bağlı müxtəlif statuslar paylaşılır. Məsələn, statusların birində Bakının Suraxanı rayonu, Ramiq Abidov adına 85 saylı tam orta məktəbin sinif rəhbəri üçün 8 Mart bayramı ilə əlaqədar 20 manatdan yığılmış pulların geri qaytarıldığından yazılıb. Statusu paylaşan belə yazıb: “susdurmağa çalışdılar, olmadı. Olmayacaq da. Daş qayaya rast gəlib”. Sosial şəbəkə istifadəçilərinin bəziləri övladlarının təhsil aldığı məktəbdə 8 Mart münasibətilə pul toplandığını, bəziləri isə belə halın mövcud olmadığını yazır. Hər iki halla bağlı həm müsbət, həm də mənfi paylaşımlar yayılır. Hətta “onsuz da məktəbdə dərslər keçilmir, pulu niyə, kimin üçün yığırlar?” deyə etiraz edənlər də var.

Cəmiyyətdən gələn mesajlara reaksiya verən Təhsil Nazirliyi isə bu il bir qədər fərqli davranıb. Əvvəlcə ictimaiyyətə müraciət edib:

“Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin əksəriyyətini təşkil edən xanım müəllimlərimizin, həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır". Bu cəlbedici sözlər Təhsil Nazirliyinin yaydığı məlumatdandır. Məlumatda daha sonra qeyd edilir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət birgə mübarizə aparmalı, dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıdır: "Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz".

Məsələ də elə bu qeyri-anonimlikdədir. Valideynlər məhz anonimlik qorunmayacaq deyə, “Qaynar xətt”ə zəng etməkdən çəkinir. Bunu “Şərq”ə açıqlamasında sosioloq Lalə Mehralı bildirdi:

- Mənə Bakıxanov qəsəbəsindəki 74 saylı orta məktəbdə 8 Mart münasibətilə şagirdlərdən pul toplanmasına dair 6-7 valideyn müraciət etdi. Əvvəllər həmin qəsəbədə yaşamışam deyə, məni tanıyırlar, əlaqələrimiz var. Mən də bu faktı ictimailəşdirdim. Bildirdim ki, əlimdə konkret faktlar var, onları məhkəməyə təqdim etməyə də hazıram. Lakin bu faktı mənə ötürən valideyn adının açıqlanmasını istəmədi. Bir valideyn hətta dedi ki, ad çəksən, özümü öldürərəm. Valideynlər bu dərəcədə qorxur adlarının çəkilməsindən. Deyirlər ki, kimlikləri bəlli olsa, müəllim uşaqları sinifdə sıxışdıracaq. Utandıracaq, alçaldacaq. Təəssüf ki, bunu edən müəllimlərimiz var. Mən əlbəttə, əsl, həqiqi müəllimlərin qarşısında baş əyirəm. Onların əməyi danılmazdır. Lakin bəzi üzdəniraq müəllimlər də var, təsəvvür edin, şagird əgər nağd pul – mən buna rüşvət deyirəm, vermirsə, onu sinif yoldaşlarının qarşısında utandırırlar, acılayırlar, alçaldırlar. Uşaqların psixikası ilə oynayırlar. Psixoloji sarsıntıya uğradırlar. Bir ailədən 3 uşaq eyni məktəbdə təhsil alır, müəllimləri 3-dən də ayrı-ayrılıqda 10 manat pul gətirmələrini istəyib. Valideyn şikayət edir ki, məktəbə 30 manat göndərməyə maddi imkanı çatmır. Valideynlər rüşvət, bayram pulunun yığılması ilə bağlı şikayət edir, amma and-aman edirlər ki, adları çəkilməsin. Çünki anonimliyə etibar etmirlər. Əgər şikayətçilərin anonimliyi qorunsa, Təhsil Nazirliyi müraciət edənlərdən məlumatları alıb onların kim tərəfindən verildiyini açıqlamadan faktları yoxlayıb, təsdiqini tapdığı halda lazımi tədbir görsə, valideynlər də ürəklənər. Yoxsa, anonimlik təmin edilmədən belə bədnam halların qarşısı alınmayacaq. “Qaynar xətt”lər də heç bir işə yaramayacaq.

L.Mehralı qeyd etdi ki, sözügedən hallar ictimailəşdikdən sonra 74 saylı məktəbin direktoru müəllimlərə də, valideyn komitələrinin üzvlərinə də qəti tapşırıb ki, şagirdlərdən 1 qəpik pul yığılmasın:

- Belə hallar ictimailəşəndə faydası olur. Mənə təkcə “74” saylı deyil, Bakıxanov qəsəbəsindəki daha 2 məktəb barədə oxşar məlumat verilib. Amma yenə bildirirəm ki, valideynlər Təhsil Nazirliyinə şikayət etməkdən qorxur, çəkinir. Uşaqlarının sinifdə müəllim, direktor tərəfindən alçaldılmalarını istəmirlər.

L.Mehralı onu da bildirdi ki, övladının təhsil aldığı 162 saylı orta məktəbdə 8 Mart bayramı münasibətilə pul yığılmayıb. Ümumiyyətlə, bu məktəbdə şagirdlərdən nəyəsə görə heç vaxt pul toplanmayıb. Belə məktəblərimiz də var.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

ARXİV

Aprel 2021 (415)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)

Рейтинг@Mail.ru