ADAU-ya rektor təyinatı kimin, yaxud da kimlərin maraq dairəsindədir?
Bu ali təhsil ocağına rektor təyinatı ilə bağlı imzalanacaq sərəncama, öncədən hansı vəzifə sahibi təkan vermək istəyir?
Bir neçə gün bundan öncə, daha dəqiq desək 05 yanvar 2023 –cü il tarixdə “ADAU-da nələr baş verir” başlığı altında yayımladığımız yazıda qeyd etmişdik ki, ötən ilin sentyabr ayında bu ali təhsil müəssisəsinin rektoru, professor İbrahim Cəfərov daşıdığı vəzifəsindən azad olundu və o, Gəncə şəhəri, Əziz Əliyev-91 ünvanında fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstititutuna (BMTBETİ) direktor təyin olundu. ADAU-da rektorluq vəzifəsini icra etmək isə, texnika elmləri namizədi, dosent Zəfər Qurbanova havələ olundu. İbrahim Cəfərovdan sonra daha iki prorektor da daşıdıqları vəzifələrinə “əlvida” deməli oldular və bundan sonra Azad İbrahimovun adı rektorluğa namizəd olaraq daha çox hallansa da, çox keçmədi ki, mübarizə meydanında daha bir namizədin adı peyda oldu. Bu Azərbaycan Texnologiya Universitetinin (ATU-nun) müəllimi, professor Əhməd Məlikov olsa da, bu şəxsin rektorluğa namizəd olması olduqca müəmmalı və düşündürücü oldu. Çünki, böyük qardaşı Telman Məlikov ATU-da rektor əvəzi vəzifədən uzaqlaşdırıldıqdan sonra, bu ali təhsil müəssisəsində müəllimlik fəaliyyəti ilə məşğul olan Əhməd Məlikov, çox keçmədi ki, ADAU-ya “transfer” olundu. Onun kənd təsərrüfatına bağlılığını, yalnız və yalnız doğulub boya-başa çatdığı Şamaxı rayonunun Leninabad kəndindən olması ilə izah etmək olar.
Artıq hər kəsə məlumdur ki, bu gün ADAU-da rektor kürsüsünə yiyələnmək uğrunda aparılan mübarizə ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. Yəni, geniş ictimaiyyət arasında bir neçə namizədin adı hallansa da, öndə daha çox Əhməd Məlikovun adı hallanmaqdadır. Adı hallanan bu Əhməd Məlikov kimdir? Qeyd edək ki, 2000- 2013-cü illər ərzində ATU-da rektor əvəzi vəzifəni daşıyan Telman Məlikovun kiçik qardaşı olan Əhməd Məlikov, bir müddət bundan öncə ADAU-da tədris işləri üzrə prorektor vəzifəsinə təyin olunur. Bu şəxsin alimlik karyerası isə, ATU-da böyük qardaşının sayəsində baş tutur. Onu da bildirək ki, qardaşının rektor əvəzi vəzifəni daşıdığı vaxtlarda o, ATU-da “Yeyinti istehsalının prosesləri və avadanlıqları” kafedrasının müdiri vəzifəsində çalışmış və “Azərbaycanın milli unlu məmulatları istehsalında texnoloji proseslərin intensivləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası işini müdafiə etdiyi deyilsə də, bu gün də Əhməd Məlikovun ADAU-ya gəlişi olduqca müəmmalı qalmaqdadır. Bu gün daha çox müəmma doğuran hal odur ki, sabiq rektor Akif Süleymanovdan sonra, bu ali təhsil ocağında rektor, prorektor və digər vəzifələr boş olduğu halda, nəyə görə Əhməd Məlikov ona doğma olan ATU-da heç prorektor vəzifəsinə də sahib ola bilmədi? Yəni, sual oluna bilər ki, görəsən bu şəxsin kənd təsərrüfatına olan marağı hardan qaynaqlandı? Yaxud da, Əhməd Məlikovla bağlı verilən təyinatın arxasında hansı gizlənlər durur? Qeyd edək ki, Telman Məlikov ATU-da rektor əvəzi vəzifədən uzaqlaşdırıldıqdan sonra, Əhməd Məlikov da kafedra müdiri vəzifəsindən uzaqlaşdırılır və bu şəxs uzun müddət çalışdığı universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olur. Amma, birdənbirə o, ADAU-ya “transfer” olunur və birbaşa prorektor vəzifəsinə də yiyələnir. Sual olunur ki, görəsən elmi araşdırmaları yalnız un məlumatlarına aid olan bu alımi ADAU-ya kim, yaxud da kimlər gətirdi? (Yenə də atın qabağına ət, itin qabağına ot qoyuldu desək, heç də yanılmarıq) Bu yöndə apardığımız araşdırmalardan, müəyyən çevrələrdə dolaşan söz-söhbətlərdən və s. aydın olur ki, kənd təsərrüfatına heç bir bağlılığı olmayan Əhməd Məlikovun ADAU-ya “transfer” olunmasında, eyni zamanda bu şəxsi rektor kürsüsündə görmək istəyən və ona bu yolda lazımi səviyyədə təkan verən İqtisadi İnkişaf naziri Mikayıl Cabbarovun birinci müavini, Məlikovların yaxın qohumu olan Elnur Əliyevin dəstək verdiyi bildirilir. Bu Elnur Əliyev Əhməd Məlikovun böyük qardaşı Telman Məlikovun kürəkənidir. Deməli, ADAU-ya “transfer” olunan Əhməd Məlikov, 2000- 2013-cü illər ərzində ATU-da rektor əvəzi vəzifəni daşıyan Telman Məlikovun qardaşı olduğundan, bu şəxsin yaxın zamanlarda rektor olacağı daha real görünür. Amma, onu da unutmaq olmaz ki, ölkəmizin ali təhsil müəssisələrinə rektor təyinatı ilə bağlı sərəncamları hansı məmur deyil, birbaşa ölkə başçısı verir.
Mehriban ƏZİZQIZI